Oktyabrın 5-də Azərbaycan Milli QHT Forumu (AMQF) tərəfindən QHT-lərin iştirakı ilə “Sağlam həyat tərzinin təbliği, piylənmə və artıq çəki probleminə qarşı maarifləndirmə” mövzusunda tədbir keçirilib.
Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri, t.ü.f.d. Taryel Ömərov “Piylənməyə qarşı tibbi və sosial tədbirlər” mövzusunda təqdimatla çıxış edib. Təqdimat iştirakçı QHT nümayəndələrinin böyük marağına səbəb olub, çoxsaylı suallar cavablandırılıb.
T.Ömərov piylənmə və artıq çəkinin törətdiyi fəsadlar, insan orqanizminə mənfi təsirləri barədə məlumatlılığın artırılmasının önəminə toxunub.
AMQF-nin İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, bu yaxınlarda Prezident Administrasiyası, Səhiyyə Nazirliyi, QHT-lərə Dövlət Dəstəyi Agentliyi, TƏBİB, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və AMQF-nin iştirakı ilə səhiyyə profili üzrə fəaliyyət göstərən bir qrup QHT-nin rəhbər şəxsləri ilə görüş keçirilib: “Piylənmə, gənclər arasında tütünçəkmə, spirtli içkilər əleyhinə təbliğatın gücləndirilməsi, bu mövzularda ictimai müzakirələrin təşkili, sağlam həyat tərzinin, bədən tərbiyəsinin geniş təbliği artıq sosial sifarişdir. Bu gün piylənmə əleyhinə keçirilən tədbir AMQF-nin sağlam həyat tərzinin təbliğinə dair başlatdığı silsilə tədbirlərin ilkidir”.
O xatırladıb ki, Prezident İlham Əliyev dəfələrlə gənclərlə görüşlərində, hətta hökumət üzvləri ilə müşavirələrdə fiziki aktivlik mövzusuna toxunub, bu istiqamətdə faydalı tövsiyələr verib.