Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 5-də imzaladığı Sərəncama əsasən, 2024/25-ci tədris ilində ölkəmizin ali məktəblərinə daxil olan 102 tələbəyə Prezident təqaüdü təyin edilib. Onlardan 25-i Azərbaycan Tibb Universitetini seçib.
Oktyabrın 11-də ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu il universitetə qəbul olunan Prezident təqaüdçüləri ilə görüşüb. Rektor bildirib ki, hər il ATU-nun 1-ci kursuna yüksək ballarla daxil olan və Prezident təqaüdünə layiq görülən tələbələrlə xüsusi görüş keçirilir: “Bu görüş tədris ilinin əvvəllərində baş tutsaydı, bəlkə də daha məntiqli olardı. Ancaq rəsmi siyahılar bir az gec hazır olduğundan, artıq neçənci ildir ki, bizim görüşlərimiz oktyabr ayına təsadüf edir. Digər tərəfdən isə, bəlkə də belə olması yaxşıdır. Belə ki, siz artıq auditoriyalarla tanış olmusunuz, universitetimiz barədə müəyyən təsəvvürləriniz formalaşıb.
İlk növbədə, hər birinizi Tibb Universiteti ailəsinə daxil olmağınız münasibəti ilə təbrik edirəm. Qarşıda 6 il tələbəlik həyatınız olacaq, sonra bəziləriniz rezidentura və digər pillələrdə təhsil alacaq, hətta sıralarınızdan gələcək müəllimlərimız də yetişəcək. Bir sözlə, siz uzun müddət öz həyat və fəaliyyətinizi ATU ilə bağlamış olursunuz. Həm buna görə, həm də yüksək bal toplayaraq böyük uğura imza atmağınız, Prezident təqaüdçüsü adını qazanmağınız münasibətilə sizi təbrik edirəm”.
Rektor, Prezident təqaüdçülərinin sayına görə universitetimizin ölkə ali məktəbləri arasında həmişə ön yerlərdə olduğunu diqqətə çatdırıb: “Bu tələbələrin böyük bir qisminin Azərbaycan Tibb Universitetini seçməsi qürurverici haldır. Həm də sevindiricidir ki, insanların sağlamlığının keşiyində dayanacaq sabahın həkimləri bu gün imtahanlarda yüksək nəticə göstərən sizlər olacaqsınız. Bu, böyük bir uğurdur. Bu uğuru heç də asanlıqla əldə etməmisiniz. Orta məktəbdə oxuyanda zəhmət çəkmisiniz, yəqin yuxusuz gecələriniz də olub. Və bu əziyyətin nəticəsidir ki, ölkəmizin qocaman və aparıcı ali təhsil ocaqlarından biri olan Tibb Universitetinin Prezident təqaüdçüsü tələbələrisiniz”.
Professor G.Gəraybəyli 25 nəfərin əksəriyyətinin Müalicə-profilaktika fakültəsinin, bir nəfərin isə Stomatologiya fakültəsinin tələbələri olduğunu diqqətə çatdırıb. Dərslərin artıq yeni proqramla aparıldığını vurğulayan rektor, tələbələrə tövsiyələr də verib: “Çox istərdim ki, təhsil müddətində sayınız azalmasın. Biz universitetin Böyük Elmi Şurasında imtahan sessiyaları barədə məlumatları müzakirəyə çıxarır, Prezident təqaüdçülərinin göstəricilərini də təhlil edir, kimlərin bu adı qoruyub saxladığını, eləcə də sayın azalması səbəblərini araşdırırıq. Təbiidir ki, universitet təhsili kifayət qədər çətindir. Xüsusilə də Tibb Universitetində fənlər, dərsliklər və proqramlar çoxdur. Üstəlik də, proqramlar ilbəil təkmilləşir və dəyişir. Bu, zamanın tələbidir. Onları mənimsəmək xüsusi bir zəhmət və istedad tələb edir. Amma əminəm ki, hər birinizdə o bilik, o intellekt və o məsuliyyət hissi var. Arzu edirəm ki, Prezident təqaüdçüsü adını 6-cı kursun sonunadək qoruyub saxlaya biləsiniz”.
Rektor görüşdə iştirak edən dekanlara tapşırıqlar da verib: “Burada sizin dekanlar, Tədris Departamentinin rəhbəri iştirak edir. Onlara üz tutub deyirəm ki, Prezident təqaüdçülərinə xüsusi yanaşsınlar. Hansısa probleminiz və ya çətinliyiniz olarsa, dekanlarınıza müraciət edin. Kafedralarda isə kafedra müdirləri, əməkdaşlar, öz müəllimləriniz sizə hərtərəfli kömək, qayğı göstərməyə hazırdır. Universitet rəhbərliyinin qapıları da hər saman sizlərin üzünə açıqdır. Bir daha sizləri və ailələrinizi təbrik edir, hər birinizə uğurlar arzulayıram”.
Görüşdə Tədris Departamentinin rəhbəri, dosent Kamandar Yaqubov, I Müalicə-pofilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov, II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli, Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva iştirak edirdilər.
Görüşün sonunda tələbələrə hədiyyələr təqdim olunub.
2024/25-ci tədris ilində Azərbaycan Tibb Universitetinə daxil olmuş Prezident təqaüdçüləri və onların topladığı ballar
I Müalicə-profilaktika fakültəsinin “Tibb” ixtisası üzrə:
Abbaslı Səma Hüseyn 692.6
Məmmədli Murad Gəray 690.9
Abbasov Orxan Taleh 690.8
Əlizadə Ülvi Rövşən 685.1
Mirzaliyev Fuad Yaşar 682.8
Rəhimova Səidə Ruhib 681.3
Ağazadə Nərmin Teymur 680.8
Əmirov Coşqun Rafiq 678.7
II Müalicə-profilaktika fakültəsinin “Tibb” ixtisası üzrə:
Hüseynova Nuray Emin 697.0
Ağakişiyeva Aysu Asif 683.1
Yusibov Elşən Səfa 682.2
Rüstəmova Validə Elçin 681.0
Hacıbabayeva Gülafət Anar 679.0
Əhmədova Nəzrin Ramil 697.0
Məmmədli Röya Əlizamin 690.7
Eyvazov Maarif Seymur 689.6
Səfərli Ayişə Bəxtiyar 687.6
Abdullayeva Rəna Natiq 684.9
Qafarzadə Zəhra Zaur 683.6
Şirinli Raul Rəşid 682.9
Rüstəmli Fidan Ayət 682.8
Hüseynova Pakizə Namil 681.6
Hüseynzadə Nəzrin Fuad 681.4
Məmmədli Ceyhun Azər 680.3
Stomatologiya fakültəsinin “Stomatologiya” ixtisası üzrə:
Kərimov Fuad Daşqin 677.7