Xəbər verdiyimiz kimi, oktyabrın 9-11-də Azərbaycan Tibb Universitetində Avrasiya Uşaq Həkimlərinin XI beynəlxalq konqresi keçirilib. Özbəkistan, Qırğızıstan, Türkmənistan və Çindən professor, həkim və bir çox tibb tələbələrinin qatıldığı konqresin 2-ci günündə “Gənc alimlər və tibb tələbələrinin elmi tədqiqat və startap işləri” panelində tibb tələbələri öz araşdırmalarını təqdim ediblər.
ATU-nun II MPF fakültəsinin IV kurs tələbəsi və universitetin Tələbə Elmi Cəmiyyətinin sədri Həmid Səfərli “Healthy kids” adlı startap layihəsini uğurla təqdim edərək I yerə layiq görülüb, diplom və qızıl medalla təltif olunub.
“Healthy kids” startap layihəsi məktəblilərin dayaq-hərəkət aparatını qorumaqda onlara kömək edir, valideynlərə övladlarının sağlamlığına onlayn mobil tətbiq vasitəsilə nəzarət etmək imkanı yaradır. Eyni zamanda “Healthy kids” mobil tətbiqi məktəblilərin fiziki və psixi inkişafı üçün özündə bir çox xüsusiyyətləri birləşdirən, valideynlərin güvənə və övladlarına nəzarət edə biləcəyi bir tətbiq olaraq dizayn edilib.
Layihənin əsas məqsədi uşaqların mobil cihazlardan səmərəli istifadə etməsinə zəmin yaratmaq və övladlarını sağlam böyütmək üçün valideynlərə dəstək olmaqdır.
Qeyd edək ki, bu mobil tətbiqin məktəblilər, valideynlər, müəllimlər, həkimlər və tibb tələbələri olmaqla ümumilikdə 5 fərqli hədəf kütləsi var. “Healthy kids” tətbiqinin ilkin olaraq 4 dildə (Azərbaycan, türk, ingilis, rus) hazırlanması və sonradan daha çox dil seçiminin əlavə edilməsi nəzərdə tutulub.
2024-cü ilin sentyabr ayında İstanbulda keçirilən Türk Dövlətlərinin I Tıbb Konqresində (2-ci Forum) uğurla təqdim olunan “Healthy kids” startap layihəsi orada da öz aktuallığı ilə diqqəti özünə cəlb edə bilib.
“Healthy kids” layihəsi tibb elmləri doktoru, ATU TEC-in elmi rəhbəri Müşfiq Həsənov və PhD İbrahim Sivrikayanın rəhbərliyi, dosent Ayət Cəfərovanın moderatorluğu ilə Həmid Səfərli, Leyla Səfərli, Səbinə Həsənzadə və Zeynəb Əlizadənin birgə komanda fəaliyyəti nəticəsində ərsəyə gəlib.
Layihə hazırda demo versiyada hazırlanır. 2025-ci ilin yanvarından etibarən isə “Health kids” tətbiqinin Azərbaycanda tam ödənişsiz olaraq istifadəyə verilməsi planlaşdırılır. Daha sonra isə layihə beynəlxalq bazara təqdim ediləcək.