İctimai səhiyyə fakültəsinin məzunu “STİMUL” beynəlxalq məktəbində iştirak edib

İctimai səhiyyə fakültəsinin təşəbbüsü ilə fakültənin 2020-ci il, həmçinin Menecment (səhiyyə sahəsi) ixtisası üzrə 2024-cü il məzunu Gülər Məhərrəmova sentyabrın 22-28-də Rusiya Federasiyasının Moskva şəhərində Rossotrudniçestvo  “Yeni Nəsil” proqramı çərçivəsində “STİMUL” beynəlxalq məktəbində iştirak edib. Məktəb bir sıra ölkələrdən də qatılan gənc səhiyyə təşkilatçılarının kollaborasiyası üçün nəzərdə tutulub və Federal Dövlət Büdcə Təşkilatının Səhiyyənin Təşkili və İnformasiyalaşdırılması üzrə Mərkəzi Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərir. Rusiya Federasiyası Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən bu təşkilat 2024-cü ildə Müstəqil Dövlətlər Birliyinin iştirakçı ölkələrinin ictimai sağlamlıq institutları və sağlamlıq informasiya şəbəkəsinin sədridir.

Məktəbin ümumi proqramı 5 gündən ibarət idi. İlk iki gün Rusiya Sosial Universitetinin rektorunun iştirakı ilə ümumi tanışlıq və açılış mərasimi keçirilib. Üçüncü gün isə Moskva vilayətinin iki böyük şəhər poliklinikası (Lyuberetskaya və Vidnovskaya) ilə tanışlıq olub. Son iki gün aktiv mühazirələrin dinlənilməsi, qrup işlərində layihələrin təqdimatı və sertifikatların verilməsi mərasimi ilə tamamlanıb.

Fakültəmizin məzunu məktəb proqramı çərçivəsində müasir və texnoloji yanaşmalar dövründə şəhər poliklinikalarının işinin necə təşkil olunacağı ilə bağlı yeni yanaşmalarla yaxından tanış olmaq imkanı əldə edib. O, tanışlıq zamanı həkim qəbuluna elektron qaydada yazılma, canlı növbələrin olmaması, klinikalara müraciət edən pasiyentlər haqqında vahid elektron sistemin mövcudluğu və teletibb istifadə qaydaları kimi müsbət tərəflərlə əhatə olunub.

Belə proqramlar gənc kadrların gələcək iş fəaliyyətləri üçün çox böyük töhfələr verir və onlara bu kimi proqramlarda iştirak etmək imkanlarının verilməsi çox faydalıdır.