Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının əməkdaşı, t.ü.f.d., Azərbaycan Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının sədri Taryel Ömərov oktyabrın 11-12-də Orta Asiya dövlətlərinin Özbəkistanda keçirilən 2-ci Beynəlxalq Bariatrik Metobalik Cərrahi Konfransında ekspert qismində iştirak edib.
Orta Asiya dövlətləri də daxil olmaqla 12-dən çox dövlətdən, o cümlədən Çin, Hindistan və Türkiyədən dəvət olunmuş professorların qatıldığı konfransın beynəlxalq panelində həm də moderator kimi təmsil olunan universitetimizin əməkdaşı ilk növbədə rəsmi dəvətə görə professor Oktyabr Teşayevə və onun bütün komanda üzvlərinə təşəkkürünü bildirib. Onun qonaq məruzəçi olaraq revizional cərrahi əməliyyatların perspektivlərinə dair praktiki çıxışı da konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Mədəkiçiltmə əməliyyatları və revizional cərrahiyyədə təkrar mədəkiçiltmə əməliyyatlarının nəticələrindən danışan mütəxəssisin sözlərinə görə, təkrar bariatrik cərrahi əməliyyatlar günümüzdə olduqca aktualdır: “Çünki dünyada revizional cərrahiyyənin statistikası artıq 14 faizə çatıb. Bu o deməkdir ki, əməliyyat olunmuş hər 100 xəstədən 14-ü 3-6 il ərzində hər hansı bir səbəbdən təkrar əməliyyatlara məruz qala bilir”.
Məhz bu nöqteyi-nəzərdən təkrar əməliyyatlarla bağlı ölkəmizdə apardıqları təcrübəni bölüşən T.Ömərov qeyd edib ki, 11 ildir bariatrik cərrahiyə ilə məşğuldur və artıq 6-cı ildir ki, təkrar əməliyyatlar aparır. Müxtəlif tibbi mərkəzlərdən, hətta xarici ölkələrdən ona müraciət edən və əməliyyatdan sonra səhhəti tamamilə normallaşan pasiyentlər var.
Yeri gəlmişkən, milli bariatrik cərrahlarımız oktyabrın 17-20-də 9-cu Piylənmə və Metabolik Xəstəliklər Cərrahiyyə Konqresi və 4-cü Metabolik və Bariatrik Cərrahiyyə Dərnəyinin Konqresində də təmsil olunublar. Azərbaycan Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının sədri Taryel Ömərov açılış çıxışı edərək iştirakçıları salamlayıb və Azərbaycanda bariatrik cərrahiyyənin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Türkiyənin Bariatrik Cərrahiyyə Cəmiyyətinin direktoru, professor Mustafa Taşkın, konqresin prezidenti Halit Eren Taşkın və konqresin həmsədri Nihal Zekiye Erdemin hər zaman onlara dəstək verdiyini minnətdarlıq hissi ilə vurğulayıb.
Hər iki konqres tədqiqatçılara, həkimlərə, səhiyyə mütəxəssislərinə, ictimai səhiyyə ekspertlərinə və cərrahlara plenar sessiyalar, şifahi təqdimatlar və video-sessiyalar vasitəsilə əsas mövzuları müzakirə etmək imkanı yaradıb.