“Ortopedik stomatologiya. Çıxmayan protezlər” dərsliyi təqdim olunub

ATU-nun Tədris işləri üzrə prorektoru, Ortopedik stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov və kafedranın assistenti Elmar Babayevin müəllifliyi ilə işıq üzü görən “Ortopedik stomatologiya. Çıxmayan protezlər” kitabının təqdimatı olub. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanların və həmçinin ötən müddət ərzində dünyasını dəyişən bütün əməkdaşların ruhunu da bir dəqiqəlik sükutla yad ediblər.

Təqdimat mərasimini açan professor Nazim Pənahov bildirib ki, nəşr edilən yeni kitabların kafedrada təqdimatını keçirmək artıq ənənə halını alıb. Onun sözlərinə görə, bu dəfəki təqdimatın özəlliyi ondadır ki, çox gözəl vaxta, qələbəmizin ildönümü günlərinə təsadüf edir: “İlk öncə qeyd etmək istərdim ki, bu kitab Azərbaycan dilində çap olunan ilk dərslikdir. Mən hələ Ortopedik stomatologiya kafedrasının müdiri seçilərkən ilk verdiyim söz yeni proqrama uyğun olaraq kafedranı ehtiyac duyulan dərslik və dərs vəsaitləri ilə təchiz etməklə bağlı idi. Allaha çox şükürlər olsun ki, sözümüzə əməl edə bildik. Kitab kafedramızda “Diş tacının protezləri” və “Diş sırasının çıxmayan protezləri” fənlərinin tədris proqramına uyğun olaraq, Stomatologiya fakültəsinin tələbələrinə diş tacının müxtəlif qüsurlarında çıxmayan protezləmənin xüsusiyyətlərini aşılamaq məqsədilə yazılıb”.

N.Pənahov vurğulayıb ki, bu dərslik ölkəmizdə Ortopedik stomatologiyanın inkişafının müasir mərhələsini özündə ehtiva edir və dünya standartlarına uyğun tərzdə hazırlanıb: “Nəzərinizə çatdırım ki, bu kitaba qədər “Ortopedik stomatologiya. Dişlərin morfologiyası və oyma texnikası” (N.A.Pənahov, H.H.Musayeva; 2019), “Ortopedik stomatologiya. Propedevtika” (N.A.Pənahov, S.İ.Əhmədov; 2020), “Ortopedik stomatologiya. İmplantüstü protezlər” (N.A.Pənahov, R.A.Hüseynli; 2021) dərsliklərimiz çap olunub. Bu yeni dərsliyimizin də Ortopedik stomatologiya predmetinin uyğun bölmələrinin mənimsənilməsində lazımi bir mənbəyə çevriləcəyinə ümid edirik. Bu kitabımı böyük məmnuniyyətlə həyatda, təbabətdə və elmdə məni hər zaman dəstəkləyən, sağlığında olduğu kimi, bu gün də ruhu ilə uğurlarıma ən yüksək səmimiyyətlə sevinən əziz ata və anamın timsalında bütün dünyasını dəyişən valideynlərə ithaf edirəm”.

Bundan sonra xalq şairi Fikrət Qocanın şeirinə Sevil Əliyevanın bəstələmiş olduğu “Ana” mahnısı səsləndirilib.

Daha sonra kitabın fəsilləri, bölmələri haqda ətraflı məlumat verən professor N.Pənahov, dərsliyin hazırlanmasında əsərlərindən, bilik və zəngin təcrübələrindən bəhrələndikləri yerli və xarici həmkarlarına minnətdarlığını bildirib. O, yeni dərsliyin tələbələr, rezidentlər, həmçinin dental implantologiya ilə məşğul olmaq arzusunda olan gənc həkim-stomatoloqlar üçün masaüstü kitaba çevriləcəyinə əminliyini ifadə edib.

Kitabın digər müəllifi Elmar Babayev məlumat verib ki, dərslik ön sözdən və 20 fəsildən ibarətdir. Yüksək səviyyədə nəşr edilən dərslikdə hər fəslin məzmununa uyğun rəngli şəkillər öz əksini tapıb. O, dərsliyin illüstrativ materiallarla zəngin olmasının tələbələrə bu fənləri daha asanlıqla mənimsəməyə yardım edəcəyini söyləyib.

Kitabın dəyərli bir mənbə olduğunu qeyd edən ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov, Stomatoloji Klinikanın direktoru İmran Ağayev, professor Rəna Əliyeva, Əsaslı Kitabxananın direktoru Ziyafət Eminova və başqaları çıxışlarında müəlliflərin əməyini yüksək qiymətləndiriblər. Natiqlər nəfis tərtibatla çap olunan dərsliyin ortopedik stomatologiyanın müvafiq bölmələrinin öyrənilməsində mühüm bir mənbə olacağını vurğulayıblar.

Xatırladaq ki, ATU-nun Böyük Elmi Şurasının qərarı ilə dərslik kimi təsdiq edilən kitabın rəyçiləri ATU-nun Uşaq stomatologiyası kafedrasının müdiri, Azərbaycan Stomatoloji Assosiasiyasının prezidenti, professor Rəna Əliyeva, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Periodontologiya kafedrasının müdiri, professor Afət Ağazadə, elmi redaktoru isə ATU-nun Ortopedik stomatologiya kafedrasının mərhum professoru Zöhrab Qarayevdir.

Yüksək peşəkarlıqla hazırlanan bu dərslik ali tibb təhsili müəssisələrinin Stomatologiya fakültəsinin tələbələri, rezidentlər və gənc həkim-stomatoloqlar üçün nəzərdə tutulub.