ATU əməkdaşları Şuşada keçirilən sağlamlıq turizmi üzrə konfransda iştirak ediblər

Oktyabrın 28-29-da Şuşa şəhərində “Azərbaycan Sağlamlıq Turizmi Konfransı: inkişaf imkanları” mövzusunda beynəlxalq konfrans keçirilib. 200-dən çox iştirakçısı olan konfransa Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İsveçrə, Çex Respublikası, Malayziya, Qazaxıstandan olan mütəxəssislər də qatılıblar.

Konfransda açılış nitqi ilə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev sağlamlıq turizmi üzrə zəngin və geniş potensiala malik Azərbaycanda bu sahənin inkişafı ilə bağlı son illərdə bir çox istiqamətlər üzrə işlər görüldüyünü qeyd edib və qarşıda duran hədəflər barəsində danışıb. Qeyd edilib ki, sağlamlıq və tibbi turizm üzrə Naftalan neftinin turizm məhsulu kimi daha da inkişaf etdirilməsi, resursun Avropa və yeni bazarlarda təşviq edilməsi əsas hədəflər sırasındadır.

Tədbirdə Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqatların İdarə Olunması Departamentinin elmimetrik araşdırma və elmi əməkdaşlıq şöbəsinin müdiri, professor Fatimə Seyidbəyova  və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova iştirak ediblər.  ATU əməkdaşları konfransda tibbi turizm üzrə işçi qrupun işində iştirak ediblər, həmçinin sağlamlıq və tibbi turizmlə bağlı fərqli mövzuların müzakirələrində iştirak ediblər. Konfrans sağlamlıq və tibbi turizm sektorunda mövcud qabaqcıl təcrübələrin araşdırılması və Azərbaycan üçün inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə  həsr olunub.