Gələcəyin həkimi həm də həvəskar rəssam, şair, idmançı və musiqiçidir

Gələcəyin həkimi Nüşabə Novruzlu, eyni zamanda gözəl rəsm əsərləri çəkir və şeirlər yazır. 2006-cı ildə Bakıda anadan olmuş N.Novruzlu 158 saylı tam orta məktəbi bitirib. 2023-cü ildə 641.7 bal toplayaraq II Müalicə-profilaktika fakültəsinə daxil olub.

Nüşabə deyir ki, rəsmə marağı 1-ci sinifdə rəsm dərsində yaranıb: “Valideynlərim mənə rəsm dərsində istifadə etmək üçün albom, karandaş almışdılar. Həvəsim yarandı və getdikcə rəsmlər çəkməyə başladım. Mənə maraqlı gələn hər şeyi - insanları, film qəhrəmanlarını, heyvanları, quşları çəkirdim. Çəkdikcə görürdüm ki, rəsm qabiliyyətim getdikcə artır. Əsasən, qara karandaşla çəkirdim. Özümü təkmilləşdirmək üçün internetdə rəssamların texnikalarına baxıb, çox şey öyrəndim. Orta məktəbdə oxuyanda bəzi tədbirlər üçün şəkillər çəkmişəm. ATU-da isə Zəfər Gününə həsr olunmuş rəsm sərgisində iştirak etmişəm”.

Bir portretin çəkilməsinə təxminən 2-3 gün vaxt sərf edir. Ən çox müraciət etdiyi də elə bu janrdır.

Nüşabə rəsm çəkməklə yanaşı, həm də idmanla məşğul olur. Özü də bir neçə idman növü ilə. Üzgüçülük, şahmat və badminton üzrə hətta yarışlarda da iştirak edib. Şahmat üzrə Bakı çempionu, badminton üzrə isə Bakı 2-cisi olub. Amma universitetdə dərsləri çox olduğundan, idman yarışlarında iştiraka ara verib.

Tələbəmizin rəsm əsərləri arasında şəhidlərimizdən Milli Qəhrəman Polad Həşimovun, Xudayar Yusifzadənin portretləri diqqət çəkir. Zəfər Gününə, Novruz bayramına aid əsərləri də var. Həvəskar rəssam məşhur Amerika basketbolçuları Stephen Cury, Kobe Bean Bryant, amerikalı aktyorlar Jared Padalecki və Jensen Acklesin portrelərini də yaradıb.

Və bütün bunlar Nüşabənin qabiliyyətlərinin hamısı deyil. Belə ki, o, gitarada ifa etməyi də bacarır. Xüsusilə xalq mahnılarını səsləndirməyi çox sevir.

Boş vaxtlarını səmərəli keçirməyi bacaran tələbəmizə uğurlar arzulayır, şeirlərindən birini oxuculara təqdim edirik:

 

SƏMAM OL

Gəl, mənim göydə səmam ol,

Qanadlanıb uça bilim.

Ayaqlarım yorulsa da,

Dərdlərimdən qaça bilim.

 

Dərinliyi sevgim qədər,

Qoy ucsuz-bucaqsız olsun.

Bürüyəndə məni kədər,

Ruhuma bir dayaq olsun.

 

Gündüzüm səninlə doğsun,

Gecələrim sənlə batsın.

Qəlbində bir bağım olsun,

İçində sevgim gül açsın.

 

Gəl, mənim göydə səmam ol,

Buludlara apar məni.

Bu amansız, dar dünyadan,

Gəl, ömürlük qopar məni.