Zəfər Gününə həsr olunmuş idman yarışlarının qalibləri mükafatlandırılıb

Oktyabrın 30-da Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində Baki şəhər Gənclər və İdman İdarəsi və ATU-nun “Təbib” idman klubunun birgə təşkilatçılığı ilə idmanın müxtəlif növləri üzrə Zəfər Gününə həsr edilmiş yarışların qaliblərini mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri Rauf İsgəndərov və Emin Hüseynov, Bakı şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Sirac Axundov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nəsimi rayonu üzrə gənclər və idman sektorunun müdiri Yusif Babanlı, ATU-nun Tərbiyə işləri üzrə prorektoru Mahir Səfərov, Əcnəbi təhsilalanlarla iş üzrə dekanı Natiq Bayramov, məşqçi-müəllimlər və tələbələr iştirak ediblər.

Əvvəlcə dövlət himnimiz səsləndirilib və torpaqlarımızn işğaldan azad edilməsi uğrunda öz həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bundan sonra giriş sözü ilə çıxış edən ATU-nun “Təbib” İdman Klubunun sədri Qələndər Aslanov, şanlı qələbəmizə həsr olunmuş bu yarışların artıq ənənəvi olaraq hər il keçirildiyini diqqətə çatdırıb. Bu il ölkəmizin beynəlxalq COP29 tədbirinə ev sahibliyi etməsi ilə əlaqədər yarışların bir qədər tez başlamasına baxmayaraq, səmərəli olduğunu bildirib. Eyni zamanda yarışlara əcnəbi tələbələrin qatılmasının idman nailiyyətlərimizin xarici ölkələrdə təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Mükafatlandırma mərasimində ATU-nun Tərbiyə işləri üzrə prorektoru Mahir Səfərov, Nəsimi rayon İcra Hakimiyyətinin ictimai-siyasi, humanitar məsələlər şöbəsinin müdir müavini Rauf İsgəndərov və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nəsimi rayonu üzrə gənclər və idman sektorunun müdiri Yusif Babanlı da çıxış edərək ölkəmizin dünyada idman ölkəsi kimi tanındığını söyləyiblər. ATU tələbələrinin idman sahəsindəki uğurlarından da söz açan natiqlər, burada idman yarışları üçün hər cür şəraitin yaradıldığını bildiriblər. Bunu ilk növbədə ATU rəhbərliyinin qayğısı və “Təbib” idman klubunun fəaliyyətinin göstəricisi kimi qiymətləndirərək, yüksək səviyyədə təşkil olunmuş yarışların fərdi və komanda qaliblərinə uğurlar arzulayıblar.

Tədbirin sonunda idmanın şahmat, badminton növləri üzrə fərdi qaydada I, II və III yeri tutan tələbələrə diplomlar və medallar təqdim olunub. Futzal üzrə komanda yarışında isə Stomatologiya fakültəsinin komandası I, Hərbi tibb fakültəsinin komandası II və II Müalicə-profilakitikası fakültəsinin komandası III yerə layiq görülüb, qalib komandalar kuboklarla mükafatlandırılıb.