ATU-nun tələbələri “IV Qələbə qaçışı”nda aktiv iştirak edib

Noyabrın 3-də Bakıda “Qürurla irəli” şüarı altında “IV Qələbə qaçışı” xeyriyyə tədbiri təşkil edilib.

Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən xeyriyyə tədbiri Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin dördüncü ildönümünə həsr olunub.

Startdan öncə Dövlət Himnimiz səsləndirilib, Vətən müharibəsində canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürüb, 10 km məsafəni qət edərək eyni məkanda finişə çatıblar. 1600-dən çox iştirakçının qeydiyyatdan keçdiyi qaçışda Azərbaycan Tibb Universitetini 30 yerli və əcnəbi tələbə təmsil edib. “Təbib” idman klubunun sədri Qələndər Aslanov, klubun atletika bölməsinin məşqçi-müəllimi Xatirə Şıxlı və məşqçi-müəllim Ələkbər Əliavsarov həmişəki kimi, tələbələrin yanında olmaqla onlara mənəvi dəstək veriblər. İştirakçılarımızın hamısı 10 km məsafəni qət edərək sertifikat və medallarla təltif olunub.

Tədbir çərçivəsində müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar iştirakçıların marağına səbəb olub. Qaçış mərhələsi başa çatdıqdan sonra ərazidə əyləncəli konsert proqramı təşkil edilib. Tədbirin əsas məqsədi Azərbaycan xalqının həmrəyliyini bir daha nümayiş etdirmək, şəhidlərimizi ehtiramla anmaq və onların ailələrinə, o cümlədən qazilərimizə əbədi minnətdarlığımızı ifadə etmək olub.

Xatırladaq ki, xeyriyyə tədbirindən toplanan vəsait “YAŞAT” Fonduna ianə ediləcək və Azərbaycan Tibb Universitetinin də bu ianədə öz payı var.