“İqlim Dəyişikliyi Zirvəsi”ndə Sağlamlıq paneli də təşkil edilib

Noyabrın 1-də Azərbaycan Texniki Universitetində Bahçeşehir Universiteti, Cifal İstanbul, UNITAR, Bilimsenol və Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə “İqlim Dəyişikliyi Zirvəsi” adlı tədbir keçirilib. Zirvə tədbirinin komitə sədri Bilimsenol platformasının qurucusu Emir Belli idi. Mötəbər qonaqların iştirak etdiyi tədbirdə Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin tələbəsi Fatma Nur Yılmazın moderatorluğu ilə “İqlim Dəyişikliyi Zirvəsi”nin Sağlamlıq paneli də təşkil edilib.

Sağlamlıq panelində ATU-nun II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, pediatr Qoşqar İsmayılov və Türkiyə Cümhuriyyətinin Səhiyyə Elmləri Universitetinin müəllimi, pediatr Nazlı Ercan çıxış edərək, iqlim dəyişikliyinin sağlamlıq üzərindəki təsirlərindən danışıblar. Onların təqdimatları ətrafında geniş müzakirələr aparılıb.

Tədbirin sonunda təşkilatçılar bu əhatəli proqramın hazırlanmasına məsuliyyət daşıyan tələbələrimizə, tərəfdaşlara və çox dəyərli panel nümayəndələrinə təşəkkürlərini bildiriblər.

Eyni zamanda iştirakçı müəllimlərə və tələbələrə sertifikatlar verilib, həmçinin TEMA VAKFI-da çıxış edən hər bir müəllimin adından yaşıllıq rəmzi olan 3 ədəd fidan bağışlanıb.