Əməkdaşlarımız Moskvada beynəlxalq forumda çıxış edib

Bu günlərdə Moskvada Rusiyanın və bir çox ölkələrin aparıcı mütəxəssislərini bir araya gətirən Rusiya Uşaq Cərrahlarının Beynəlxalq X Forumu keçirilib. Forum iştirakçıları uşaq cərrahiyyəsi sahəsində təcrübə mübadiləsi aparıb və mövcud tendensiyaları, yenilikləri müzakirə ediblər.

Azərbaycan nümayəndə heyətini ATU-nun Uşaq cərrahiyyəsi kafedrasının müdiri, professor Ramiz Poluxov və assistent Namiq Xəlilov təmsil edib və bölmələr üzrə moderator olublar. R.Poluxov “Torokal cərrahiyyə - ümümi suallar”, N.Xəlilov isə “Uşaq yaşları andrologiyasının seçilmiş sualları" bölməsinə həmsədrlik edib.
Tədbiri professor Razumovski açıb. Professor R.Poluxov Azərbaycan Uşaq Cərrahları Assosiasiyasının, assistent N.Xəlilov isə ATU-nun rektoru, professor Gəray Gəraybəylinin foruma ünvanlanmış təbrik məktublarını oxuyub.
Forumda ilk dəfə olaraq uşaq cərrahiyyəsinin bu mürəkkəb sahəsinin dərindən və hərtərəfli müzakirə olunduğu “Döş qəfəsi qüsurları olan uşaqların müalicəsi” adlı pre-forum keçirilib. Sessiyada döş qəfəsinin malformasiyalarının diaqnostikası və konservativ müalicəsi, sinə deformasiyalarının müalicəsinin digər aspektləri, təcrübə mübadiləsi və klinik müşahidələr müzakirə olunub. “Mürəkkəb deformasiyaların cərrahi müalicəsi” adlı görüşdə Rusiyanın aparıcı mütəxəssisləri cərrahi müalicə təcrübələrini bölüşüb, döş qəfəsinin ekskavatum deformasiyasının, eləcə də nadir döş qəfəsi qüsurlarının müalicəsinin müxtəlif üsullarını təqdim ediblər.

Azərbaycan nümayəndə heyəti müxtəlif dəyirmi masalarda, ustad dərsləri, cərrahi simpoziumlar, elmi şuranın iclasları və eləcə də gənc alimlərin müsabiqəsində iştirak edib.

Onlar neonatal cərrahiyyədə yüksək texnoloji üsullardan danışıb, son bir neçə ildə əldə olunmuş təcrübəni həmkarları ilə bölüşüblər. Ramiz Poluxov bağırsaq transplantasiyasından istifadə edən uşaqlarda qida borusunun plastik cərrahiyyəsi təcrübəsinin ümumiləşdirilmiş və daha etibarlı, uşaqlar üçün az travmatik və daha az əlilliyə səbəb olmasının çoxsaylı misallarla sübut edildiyini söyləyib. Bildirib ki, bəzi hallarda hər şeyin əllə, gözlə “göründüyü” açıq əməliyyat üsulu daha etibarlı və təsirli olur: “Hesab edirik ki, uşaqlarda qarın boşluğu və döş qəfəsi ilə bağlı bəzi əməliyyatların ən yaxşı forması açıq şəkildə aparılandır”. Namiq Xəlilov isə çıxışında belə yüksək səviyyəli forumlarda iştirak etməyin faydalı və maraqlı olduğunu, uşaq cərrahiyyəsinin yalnız Rusiyada deyil, həm də MDB ölkələrində sürətlə inkişaf etdiyini söyləyib. O, son forumdan ötən bir il ərzində bu sahədə çox şeyin dəyişdiyini diqqətə çatdırıb.