Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, dosent Əsədulla Sultanov Qarabağ Zəfərinin Azərbaycan xalqının və dövlətinin qüdrətinin rəmzinə çevrildiyini bildirib. Bu möhtəşəm Zəfərin tarixi əhəmiyyəti haqqında danışan natiq 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan xalqınən bir yumruq kimi birləşdiyini, Ordumuza mənəvə dayaq olduğunu xatırladıb və bu qələbənin əsasında xalq-ordu birliyinin Prezintə sonsuz inamının dayandığını da qeyd edib:
“8 Noyabr Zəfəri müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin təntənəsi oldu. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi isə xalqımızı qalib xalqa çevirdi, hər birimizi uzun illər davam edən məğlubiyyət acısından qurtarmış oldu”.
Dosent Əsədulla Sultanov Vətən müharibəsində qəhrəmancasına xidmət göstərən tibbi həkimlərin də rəşadətindən söz açıb, həmin dövrdə ATU-nun Tədris Cərrahiyyə Klinikasının əməkdaşlarını, bütün tibbi personalının nümayiş etdirdiyi fədakarlığı xüsusilə vurğulayıb.
Daha sonra ATU-nun Elmi işlər üzrə prorektoru, Şüa diaqnostikası kafedrasının müdiri, professor Məlahət Sultan, Ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev, ağız və üz çənə cərrahiyyəsi kafedrasının assistenti Oqtay Mehdiyev, Ağız və üz-çənə kafedrasının müdiri, professor Çingiz Rəhimov və uşaq cərrahiyyəsi kafedrasının müdiri, professor Ramiz Poluxov çıxış edərək, Azərbaycanın suverenliyi uğrunda canlarını fəda edən qəhrəman Vətən övladlarının əziz xatirəsi daim ehtiramla yad edildiyin, qazilərimizlə bağlı məsələlərin hər zaman xüsusi diqqətdə saxlanıldığını bildiriblər.
Sonda ATU-nun Tədris Cərrahiyyə Klinikasının bir sıra əməkdaşlarına Vətən müharibəsi dövründə göstərdikləri peşəkar fəaliyyətinə, keyfiyyətli tibbi xidmətə görə təşəkkürnamə ilə təltif olunublar.