Bioloji kimya kafedrasında Zəfər Bayramı Günü qeyd olunub

Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrası Zəfər Bayramı ilə əlaqədar tədbir keçirib. Tədbiri kafedra müdiri, professor Gülnarə Əzizova açaraq, xalqımızın 30 ilə yaxın bu günü -  qələbə gününü həsrətlə gözlədiyini, 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımızın tam şəkildə azad olunduğunu qeyd edib. Belə bir möhtəşəm günü bizə yaşatdığı üçün Ali Baş Komandan, Prezident İlham Əliyevə, Müzəffər Ordumuza təşəkkürünü bildirib. Keçirilən tədbirin kafedranın Həmkarlar İttifaqı Komitəsinin sədri, baş müəllim Ellada Hüseynovanın təşəbbüsü ilə baş tutduğunu qeyd edib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra Zəfər Bayramını əks etdirən video-rolik nümayiş etdirilib.

Ellada Hüseynova öz çıxışında “Xarı bülbül qoxulu Zəfər Bayramı”ndan, Xarı bülbülün Vətən müharibəsi nəticəsində qələbə rəmzinə çevrilməsindən, adıçəkilən gülün Şuşadan başqa ayrı bir məkanda bitməməsindən və  vətənə sadiqliyindən söhbət açıb. Bioloji kimya kafedrasının həmişə milli və tarixi qələbələrimizi diqqət mərkəzində saxladığını və əlamətdar günləri geniş şəkildə qeyd etdiyini deyib.

Kafedranın dosenti Mahirə Əmirova dövlətimizin  qazilərə və şahid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb. Bu zümrədən olanlara dövlətimizdən başqa, hər birimizin qayğı göstərməyimizin zəruriliyini vurğulayıb.

Baş müəllim Firəngiz Quliyeva da öz çıxışında ATU rəhbərliyinin hər zaman qazilərə və şəhid ailələrinə həssaslıqla yanaşmasından, universitetin tələbə və müəllimlərinin hər zaman gözəl təşəbbüslərə həvəslə qoşulmalarından, onlar tərəfindən toplanmış kitabların Qarabağda yerləşən hərbi hissələrdəki “Əsgər kitabxanası”na hədiyyə edilməsindən, qazilərə və şəhid ailələrinə hər zaman kafedranın əməkdaşlarının diqqət və qayğı göstərməsindən danışıb.   

Sonra magistr Əfsanə Ağayeva “Xromoproteinlərə müasir baxış” araşdırma mövzusunda çıxış edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda şəhidlərin ruhuna dualar oxunub və onların xatirəsinə ehsan süfrəsi təşkil edilibdir.