Bu gün Azərbaycan Tibb Universitetində (ATU) rezidentlərin dövri və yekun attestasiyası imtahanlarının II mərhələsinə start verilib. İmtahan ATU-nun Tədris Cərrahiyyə, Terapevtik, Stomatoloji və Onkoloji klinikalarında və tədris binalarında keçirilib.
Rezidentura və magistratura şöbəsindən bildirilib ki, artıq dövrü attestasiyanın ATU-nun İmtahan Mərkəzində keçirilən birinci mərhələsi başa çatıb. Belə ki, 40-a yaxın ixtisas üzrə imtahanı uğurla verən buraxılış rezidentləri II mərhələyə buraxılıb.
Tədris Terapevtik və Tədris Cərrahiyyə klinikalarında yekun attestasiya imtahanlarının gedişini izləyərkən müşahidələrimiz bizdə xoş təəssürat yaratdı. Hərbi tibb fakültəsinin ümumi cərrahiyyə ixtisası üzrə V kurs rezidenti, tibb xidməti kapitanı Araz Əliyev, digər ixtisaslar üzrə rezidentlərdən Ayşən Bayramova, Nərmin Ələkbərova, Cavid İsmayılov və başqaları yekun attestasiyasının I mərhələsində maksimum bal topladıqlarını, II mərhələdən də müvəffəqiyyətlə keçəcəklərinə əminliklərini söylədilər.
Anesteziologiya və reanimatologiya ixtisası üzrə komissiyanın üzvləri də rezidentlərin hazırlığından razı idilər. Professor İsfəndiyar İsmayılov builki rezidentlərin praktiki bacarıqlarının qənaətbəxş olduğunu, komissiya tərəfindən müsbət qiymətləndirildiyini bildirdi.
I Cərrahi xəstəliklər kafedrasının rezidentlər üzrə rəhbəri, t.e.d. Elman Əzimov yekun attestasiyasının bu mərhələsində rezidentlərin plevra boşluğunun punksiyası, laparoskopik, ateromanın xaric edilməsi, bağırsaq üzərində anastomozun qoyulması, klinik halın araşdırılması və başqa bu kimi bacarıqlarının yoxlanıldığını dedi.
İmtahanın II mərhələsinin təşkilində klinika rəhbərləri də yaxından iştirak edərək, kafedra müdirləri ilə birlikdə müvafiq ixtisaslar üzrə attestasiyaların keçirilməsi üçün auditoriyaların təşkilinə, onların lazım olan əyani vəsaitlərlə təminatına köməklik göstəriblər.
Mövcud qanunvericiliyə əsasən, birinci mərhələdə test imtahanı verən rezidentlər 50 sualdan 40-nı düzgün cavablandırmalıdırlar ki, ikinci mərhələyə buraxılsınlar. Bu mərhələdə isə minimum bal 30-dur. Beləliklə, ümumilikdə 70 bal toplayan rezident buraxılış yekun attestasiyasından keçmiş hesab olunur.
Kardiologiya, pediatriya, ginekologiya, anesteziologiya və reanimatologiya, urologiya, stomatologiya və başqa ixtisasları üzrə rezidentlərin klinik bacarıqlarının qiymətləndirilməsi mərhələsi səhiyyə nazirinin əvvəlcədən təsdiqlədiyi komissiyanın nəzarəti altında aparılır.
Onu da xatırladaq ki, əsas buraxılış yekun attestasiyasından keçməyən rezidentlərin növbəti dəfə təkrar imtahana gəlmək hüququ saxlanılır.