Beynəlxalq Gözdən Əlillər Gününün qeyd edilməsi ətrafımızda bizdən fərqli insanların olduğunu bir daha xatırlamağa imkan verir
Həmin günün noyabrın 13-də qeyd olunması ilk tiflopedaqoqlardan biri, görməyənlər üçün relyefli əlifbanın müəllifi, gözdən əlillər üçün ilk təhsil müəssisələrinin yaradıcısı, məşhur fransalı xeyriyyəçi Valentin Qayuinin doğum günü ilə əlaqədardır. O, 1745-ci ildə Fransanın Amyen şəhəri yaxınlığındakı Sen-Jüst kəndində, kasıb toxucu ailəsində anadan olub. Ümumdünya Səhiyyə Təşkilatını onun doğum tarixini Beynəlxalq Gözdən Əlillər Günü elan edib.
XVIII əsrə qədər dünyada gözdən əlillər üçün təhsil müəssisəsi yox idi. Valentin Qayui ilk dəfə Fransada gözü dünya işığından məhrum olanların təhsili üçün xüsusi üsul yaradıb. O, 1784-cü ildə dünyada ilk dəfə Parisdə hökumətin və xeyriyyə cəmiyyətlərinin köməyi olmadan öz evində şəxsi vəsaiti hesabına gözdən əlil uşaqlar üçün xüsusi emalatxana açıb. İlk dəfə həmin məktəbə kimsəsiz uşaqlar qəbul edilib.
Valentin Qayui gözdən əlil uşaqların təlim və tərbiyəsinə elmi cəhətdən yanaşıb. Onun işləyib hazırladığı “unsial” adlanan xüsusi qabarıq şriftin köməyi ilə uşaqlara oxumaq öyrətmək və onlar üçün kitablar çap etmək mümkün olub. Gözdən əlil uşaqlar həmin şriftlərlə mətn yığmaq bacarığına yiyələniblər. Bundan başqa, Valentin Qayui gözdən əlillər üçün cihazlar, qabarıq aşkar dərsliklərin, coğrafiya xəritələri və qlobusların istehsalı üçün matrislər qurub. Gözdən əlillər üçün kitabların yaradılması ideyası da ona məxsusdur.
Ciddi maddi çətinlik çəkməsinə baxmayaraq, Valentin Qayui mətbəə yaradaraq qabarıq-xətti şriftlə gözdən əlillər üçün ilk kitablar çap edib. 1829-cu ildə isə Paris Milli İnstitutunun şagirdi Lui Brayl gözdən əlil uşaqlar üçün nöqtə-relyef şriftinin universal sistemini hazırlayıb və həmin sistem bütün dünyada yayılıb.
2007-ci il dekabrın 9-da BMT-nin inkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında görmək qabiliyyətini itirənlər və zəif görənlər üçün informasiya-rabitə texnologiyalarına çıxışı təmin edən razılaşma sənədi imzalanıb.