
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “2026-cı il şəhərsalma və memarlıq ili” çərçivəsində təşkil olunan “Sağlamlıq və texnologiyaların zirvəsi” adlı elmi konfransın sessiyaları keçirilib.
“Daxili xəstəliklər üzrə yeniliklər və innovativ terapiya” adlı ilk sessiyada çıxış edən Tədris Terapevtik Klinikanın direktoru, I Daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsatət Əzizov tədbirin mahiyyətindən söz açıb. O, Azərbaycan tibb ictimaiyyətində hər il ənənəvi olaraq elmi-tədqiqat fəaliyyətinin nəticələrinin təqdim olunduğunu və builki məruzələrin də aktual və maraqlı mövzuları əhatə etdiyini vurğulayıb.
ATU-nun Elmi Tədqiqatların İdarə Olunması Departamentinin müdiri, professor Eldar Qarayev isə elmi fəaliyyətin təşkili, tədqiqatların aktuallığı və nəticələrin praktik səhiyyəyə tətbiqinin mühüm əhəmiyyətındən danışıb. Qeyd edib ki, müasir dövrdə elmi nəticələrin praktikaya tətbiqi və onların effektivliyinin artırılması prioritet istiqamətlərdəndir. Onun sözlərinə görə, eyni mövzunun müxtəlif aspektlərdən araşdırılması elmi diskussiyaların daha da dərinləşməsinə şərait yaradır.
E.Qarayev qeyd edib ki, son illərdə universitetdə elmi fəaliyyət sahəsində mühüm islahatların həyata keçirildiyini, elmi məqalələrin nəşri, beynəlxalq jurnallarda dərc olunması və elmi bazalarda indeksləşmə istiqamətində ciddi addımların atıldığını da diqqətə çatdırıb.
Konfrans “Daxili xəstəliklər üzrə yeniliklər və innovativ terapiya” mövzusunda panel iclaslarla davam etdirilib. Müzakirələr zamanı müasir diaqnostika və müalicə üsulları, innovativ yanaşmalar və klinik təcrübələr ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra “Onkologiyada yeniliklər” adlı növbəti sessiya ATU-nun Onkoloji Klinikasında öz işini davam etdirib. Onkologiya kafedrasının dosenti Tamara Quliyeva tədbirin məqsədi və məramı barədə iştirakçılara məlumat verib.
Giriş nitqi ilə çıxış edən ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan bildirib ki, hər il may ayında ənənəvi olaraq elmi konfranslar təşkil olunur. O qeyd edib ki, bu il konfrans üç kurs və iki panel sessiya ilə öz işinə başlayıb və bu tədbir universitetin elm bayramı kimi xarakterizə olunur. Professor onkoloji sahədə dinləniləcək yeniliklərin bu istiqamətdə görülən işlərə mühüm töhfə verəcəyini də vurğulayıb.
Daha sonra Onkologiya kafedrasının professoru Namiq Əmrəliyev çıxış edib. O bildirib ki, konfransın əsas məqsədi tibbin müxtəlif sahələrində innovativ yanaşmalar əsasında əldə olunmuş elmi nəticələrin müzakirəsi və təcrübə mübadiləsinin aparılmasıdır. Qeyd edib ki, xüsusilə onkologiyada əldə olunan yeniliklər tədbirdə geniş şəkildə təqdim ediləcək.
Konfransın ilk günü panel iclaslarla davam yekunlaşıb.