Noyabrın 14-ü Beynəlxalq Loqoped Günü qeyd olunur
Xəstələrin həyatında loqopedlərin mühüm rolu nəzərə alınaraq bu beynəlxalq peşə bayramı 2004-cü ildə təsis edilib.
Loqopediya pedaqoji elmin nitq pozuntularını öyrənən sahəsidir. Pedaqoji elmlərin bir sahəsi olan loqopediya nitq pozulmasının səbəblərini, simptomatikası və mexanizmini öyrənir və xüsusi təlim, tərbiyə vasitəsilə onun aradan qaldırmasının üsulları ilə məşğul olur. Loqopedlər əsasən məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlarla məşğul olurlar. Lakin onlar həm də yaşlıların nitqində kommunikativliyin, ünsiyyətcilliyin təmin olunmasına çalışırlar.
Nitq pozuntularının korreksiyasına ilk dəfə XVII əsrə aid surdopedaqogika üzrə işlərdə rast gəlmək mümkündür. XIX əsrin ikinci yarısından etibarən eşitmə qabiliyyətinin normal olmasına baxmayaraq meydana çıxan nitq çatışmazlıqlarının öyrənilməsi tibbi istiqamət almağa başlayıb. Beləliklə nitq pozuntularının düzəldilməsi müalicəvi prosedur olaraq qəbul edilir və həkimlər, tibb bacıları tərəfindən tətbiq olunur. XIX əsrin axırlarından başlayaraq nitqin anlaşılması və ötürülməsinin müxtəlif üsulları araşdırılmağa başlanılıb.