İctimai Səhiyyə fakültəsinin tələbəsi COP29-da iştirak edir

İctimai Səhiyyə fakültəsinin eyniadlı ixtisasının 5-ci kurs tələbəsi Əhmədova Nailə "Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyası"nın nümayəndəsi kimi COP29-da iştirak edir. 

Bu həftə ərzində o, Ümumdünya Səhiyyə təşkilatının pavilyonunda "The Health National Adaptation Plan of the Bahamas- A Commitment to Human Health Protection and Stewardship", "Demonstrating action on extreme heat", "Why we need to stop promoting pollution: Health costs and impactful interventions for fossil fuels" kimi iqlim dəyişikliyinin sağlamlığa təsirini əks etdirən sessiyalarda qatılıb, eyni zamanda həmin pavilyonda "Gənclərin iqlim dəyişikliyində rolu və iqlim krizinin qeyri-infeksion xəstəliklərə təsiri" mövzusunda paneldə çıxış edib. Tələbəmiz ekologiya və təbii sərvətlər naziri, həmçinin COP29 Prezidenti Muxtar Babayev, səhiyyə naziri Teymur Musayev, Ümumdünya Səhiyyə Təşkilatının direktoru dr. Tedros Qebreyesus və bir çox aparıcı səhiyyə mütəxəssisləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə yüksək səviyyəli iclasda iştirak edərək, bu mövzu ilə bağlı səhiyyə sahəsindəki yeniliklərlə tanış olub. Müxtəlif ölkələrdən olan mütəxəssislər dəyirmi masa ətrafında toplaşaraq iqlim dəyişikliyində maliyyələşmə, təsirləri yumşaltma tədbirləri, adaptasiya, zərər və itki kimi mövzular ətrafında müzakirələr aparıblar. 

N.Əhmədova beynəlxalq səviyyədə tibb tələbələrinin səsi olaraq, xarici əməkdaşlarla əlaqələr qurur, ümumi məlumatları sosial media kampaniyası vasitəsilə bölüşür və əhəmiyyətli təcrübə qazanır. O,Gənclərin səsi qismində komanda ilə birlikdə təşviqat sənədi hazırlayır, siyasi sənədlərin qəbulu prosesində iştirak edir və Paris Sazişinin bəndləri barədə məlumat toplayır. 

Bu əhəmiyyətli fəaliyyətində Nailəyə uğurlar arzu edirik.