17 Noyabr Dünya Prematüre Günü

Hər il 17 noyabrda qeyd olunan Dünya Prematüre Günü, vaxtından əvvəl  doğulmuş körpələrə, onların ailələrinə və bu prosesdə dəstək olan tibb işçilərinə diqqət çəkmək məqsədilə dünya üzrə maarifləndirici bir gündür. Dünya miqyasında hər il təxminən 15 milyon körpə prematüre doğulur və bu hal onların və ailələrinin həyatına böyük təsir göstərir. Bu xüsusi gün, prematüre doğumun gətirdiyi çətinlikləri vurğulamaq, prematüre körpələrin yaşama mübarizəsinə dəstək olmaq və bu prosesdə ailələrin yanında olmağın vacibliyini xatırlatmaq üçün qeyd olunur.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Neontologiya şöbəsinin müdiri, I uşaq xəstəlikləri kafedrasının assistenti Sərxan Elbəyiyev sözlərinə görə: “ Prematüre doğum, körpənin hamiləlik dövrünün 37-ci həftəsindən əvvəl dünyaya gəlməsidir. Bu körpələr, orqanlarının tam inkişafını tamamlamadan doğulduqları üçün bəzi sağlamlıq problemləri yaşaya bilərlər. Xüsusilə tənəffüs, immunitet və həzm sistemlərinin tam inkişaf etməməsi səbəbindən prematüre körpələr yenidoğulmuşların reanimasiya şöbələrində müalicə altına alınır. Müasir tibbin təqdim etdiyi imkanlar sayəsində bu körpələrin yaşama şansı əhəmiyyətli dərəcədə artsa da, bu prosesdə ailələrin və tibb işçilərinin göstərdiyi fədakarlıq həyati bir rol oynayır.”

Dünya Prematüre Günü, prematüre doğumun bir qüsur deyil, yalnızca çətin bir başlanğıc olduğunu izah etmək üçün bir fürsətdir. Bu xüsusi gün, prematüre doğum haqqında məlumatlılığı artırmağı, cəmiyyəti məlumatlandırmağı və prematüre körpələr üçün vacib tibbi dəstəklərin təmin olunmasının əhəmiyyətini vurğulamağı hədəfləyir. Prematüre doğumdan təsirlənmiş ailələrə tək olmadıqlarını hiss etdirmək və onları cəmiyyətin dəstəyi ilə gücləndirmək baxımından da önəmli rol oynayır. Xüsusilə xəstəxanalar, qeyri-hökumət təşkilatları və prematüre körpələr üçün çalışan könüllü qruplar bu gün müxtəlif tədbirlər təşkil edərək prematüre doğumun çətinliklərini və bu prosesdə təmin edilən tibbi və emosional dəstəyin əhəmiyyətini çatdırırlar.

Prematüre körpə sahibi olan ailələr çox vaxt həm fiziki, həm də emosional baxımdan çətin bir proses yaşayarlar. Ailələrin mənəvi dəstəyə və sosial dəstəyə ehtiyacı vardır. Bu prosesdə ailələrə dəstək olmaq, prematüre körpələrin sağlam şəkildə böyümələrinə və inkişaflarına da kömək edir. Cəmiyyət olaraq prematüre doğulan körpələrə və ailələrinə verilən dəstək və anlayış onların bu prosesi daha rahat keçmələrinə yardım edir. Xüsusilə sosial mediada və ümumilikdə cəmiyyətdə bu barədə məlumatlılığın artması, prematüre doğumun adi bir hal kimi qəbul olunmasına kömək edir.

Cəmiyyətdə bəzən prematüre körpələrin fərqli olduqları və ya “normal” bir inkişaf prosesi yaşamadıqları kimi yanlış təsəvvürlər ola bilər. Halbuki, prematüre doğum bir qüsur deyil, sadəcə həyatın fərqli bir başlanğıcıdır. Bu uşaqlar, öz sürətlərində böyüyüb inkişaf edərkən cəmiyyətin dəstəyinə də ehtiyac duyurlar. Ailələr, bu prosesdə cəmiyyətin dəstəyi ilə güclənərkən, prematüre körpələrin də potensialını reallaşdırması mümkün olur.

Prematüre körpə sahibi olmaq, ailələr üçün çətin və yorucu bir proses ola bilər. Ancaq bu çətin proses, eyni zamanda ailənin güclənməsini, həmrəyliyini və bir-birinə olan bağlılığını artırır. Prematüre körpələrin sağlam inkişaf prosesi yaşaması üçün ailənin yanında mütəxəssislərdən ibarət dəstək şəbəkəsinin olması böyük əhəmiyyət kəsb edir. Ailələrin mənəvi və motivasiya səviyyəsinin yüksək olması, prematüre körpələrin inkişafına da müsbət təsir edir.

Unutmayaq ki, hər bir körpə özlüyündə bir möcüzədir və prematüre doğulmaq, həyat mübarizəsinə güclü və davamlı bir başlanğıc etməyin başqa bir yoludur