Noyabrın 8-10-da Tunisin Monastir şəhərində Kyokuşinkay karate üzrə II qış düşərgəsi və beynəlxalq turnir keçirilib. Hakimlərə və idmançılara peşəkar təlim dərsləri və seminarlar keçmək üçün Azərbaycan Tibb Universitetinin “Təbib” idman klubunun sədri, beynəlxalq dərəcəli hakim Qələndər Aslanov rəsmi dəvət alıb.
Q.Aslanovla yanaşı, Kyokuşin Dünya Birliyinin (KWU) baş katibi, rusiyalı Aleksandr Piçkunov tərəfindən gündəlik peşəkar təlimlər əvvəlcədən planlaşdırılmış proqram üzrə qruplara uyğun təşkil edilib. Eləcə də həmin günün proqramına uyğun olaraq hakimlik seminarları başlayıb. Seminarları KWU Hakimlər Kollegiyasının üzvü, dəfələrlə Avropa və dünya çempionatlarında “Ən yaxşı hakim” seçilən təmsilçimiz Q.Aslanov və KWU-nun baş katibi A.Piçkunov idarə edib. 20 ölkədən (Tunis, Əlcəzair, Liviya, Qvineya, Mərakeş, Konqo, Polşa, İngiltərə, Rusiya, Namibiya, İraq, Səudiyyə Ərəbistanı, Zambiya, Misir, Mali, Nigeriya və s) 100-dən çox hakimin iştirak etdiyi seminar ilk olaraq test həll etməklə başlanıb. Testlərlə bağlı suallar bitdikdən sonra təcrübə məşğələləri keçirilməsi üçün hakimlər qruplara bölünüb. Hakimlərin sayı gözlənildiyindən daha çox olduğu üçün seminarlar 2 gün ərzində 8 saat davam edib.
Noyabrın 9-da Aralıq dənizinin sahilində, Marina Golf mərkəzində dövlət nümayəndələrinin iştirakı ilə idmanın kütləviliyinin artırılması məqsədilə böyük (1760 iştirakçı) festival təşkil olunub. Rusiyalı karate ustası ilə eyni meydanı bölən təmsilçimiz təlim məşqlərini bitirdikdən sonra turnirin təşkilati işlərinə yaxından dəstək verib.
Yarışı idarə edən hakimlərin yanlış qərarları və digər qayda pozuntuları yerindəcə təmsilçimiz tərəfindən izah edilib, mübahisəli məsələlər aradan qaldırılıb və heç bir idmançının hakim ədalətsizliyi ilə üzləşməsinə imkan verilməyib. Yarışların final mərhələsində Təşkilat Komitəsinin xahişi ilə təmsilçimiz təcrübəli hakimlərdən ibarət komanda ilə meydana daxil olub və final görüşlərini şəxsən idarə edib.
Sonda təmsilçimiz Q.Aslanov Tunisin Kyokuşinkay Karate və Döyüş Sənəti Federasiyasının prezidenti tərəfindən beynəlxalq peşəkar təlimlər, hakimlərə keçirilən seminarlar və çempionata verdiyi töhfəyə görə xüsusi hazırlanmış hədiyyələrlə təltif olunub.