Əməkdaşımız beynəlxalq reytinqdə önəmli yer qazanıb

Əməkdaşımız beynəlxalq reytinqdə önəmli yer qazanıb

ATU-nun I Cərrahi xəstəliklər kafedrasının əməkdaşı Taryel Ömərov daha bir xoş xəbəri özünün sosial şəbəkə hesabında paylaşıb. Belə ki, uzun müddətdir elmi fəaliyyətlə məşğul olan, istər beynəlxalq, istərsə də milli konqreslərdə çıxışlar, elmi məcmuələrdə məqalələr dərci ilə təmsil olunan əməkdaşımız Azərbaycan Milli H-index Ranking sistemində 1000 TOP ALİM sırasında önəmli yer almasını xəbər verib.

Qeyd edək ki, bu dərəcələnmə sistemi konsolidasiya edilmiş h-indeksi əsasında Azərbaycan alimlərinin, tədqiqat qruplarının və təşkilatların elmi məhsuldarlığını qiymətləndirməyə yönəlmiş müstəqil beynəlxalq reytinqdir.

Reytinqdə Scopus, Web of Science və Google Scholar kimi elmimetrik verilənlər bazası və platformalarından alınan məlumatlara istinad edilərək, Azərbaycan elmi müəssisələrinin ümumi h-indeksi nəzərə alınıb. Bu məlumatlar əsasında Milli H-indeksinin Reytinq göstəricisi və reytinqdə müvafiq mövqe (mövqelər) formalaşır.

Ümumiyyətlə, ölkədə alimlik dərəcəsi olan 7069 nəfər tədqiqatçıdan 1343-ü elmlər doktoru, 5726-sı fəlsəfə doktorudur. Onlardan 3271-i dövlət sektorunda, 117-si özəl sektorda çalışır. Ali təhsil sektorunda çalışan alimlərin sayı isə 3681 nəfərdir ki, onlardan 541-i elmlər doktorudur. Ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 150-yə yaxın elmi təşkilat və müəssisə fəaliyyət göstərir.

Azərbaycan Milli H-index Ranking sistemində ölkə üzrə 290-cı, universitetimiz üzrə isə 6-cı yerə layiq görülən alim, bu uğurlu nəticəyə görə başda elmi rəhbəri olmaqla kafedranın bütün əməkdaşlarına və elm yolunda onunla yanaşı addımlayan dostlara təşəkkürünü bildirib.