ATU-nun Tədris işləri üzrə prorektoru aralıq qiymətləndirməni izləyib

Noyabrın 27-də Azərbaycan Tibb Universitetinin Tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov İmtahan Mərkəzində keçirilən aralıq qiymətləndirmənin gedişatı ilə tanış olub

İmtahan şəraiti ilə yaxından tanış olan prorektor, eyni zamanda tələbələrin hər hansı problemlə üzləşib-üzləşmədikləri ilə maraqlanıb. O, imtahanın yaxşı təşkil edildiyini, cədvəllərin qaydasında olduğunu, aralıq sorğuya bəzi istisnalarla proqrama uyğun keçilən mövzulara dair sualların salındığını bildirib.

Aralıq qiymətləndirmənin üstünlüyü ondadır ki, nəticələr kompüter vasitəsilə tələbənin özünə məlum olur. Bu sorğu ilk növbədə imtahanqabağı hazırlığın, səfərbərliyin əsas göstəricilərindən biridir.

İmtahan Mərkəzinin müdiri Ülkər Cəfərova, Tədris Departamentinin müdiri Kamandar Yaqubov və imtahana nəzarət qrupunun rəhbəri Pəri İsaqova aralıq qiymətləndirmənin təşkili, aparılması ilə bağlı yenilikləri bölüşüblər. Qeyd edilib ki, aralıq qiymətləndirmə bu ayın 23-dən başlayıb. Yeni tədris ilində universitet rəhbərinin və Böyük Elmi Şuranın qərarı ilə digər kurslardan fərqli olaraq I kurs tələbələrinə heç bir test verilmir. Yəni əvvəlki illərdə həm kollokviuma, həm də imtahana düşən testlər sistemdə görünürdü. İndi isə I kurs tələbələri yalnız kitab oxumaqla testin suallarını cavablandıra bilərlər. İkinci yenilik kollokvium həftəsinin müəyyənləşdiriilməsidir. Müalicə-profilaktika fakültələrində kollokvium həftəsi noyabrın 23-dən 30-dək, digər fakültələrdə isə noyabrın 30-dan dekabrın 6-dək olacaq. Həmin müddətdə tələbələr dərsə gəlmir, kollokvium bitəndən sonra ənənəvi qaydada dərslərə davam edirlər. Bu yenilik, həmçinin apellyasiya şikayətlərinin azalmasını da stimullaşdırır. Ümumilikdə imtahanların rahat keçdiyi, nəzarətçilərin öz işlərinə məsuliyyətlə yanaşdıqları vurğulanıb.

Şikayətlərin araşdırıldığı xüsusi otağa da baş çəkən prorektor, Apellyasiya Komissiyasının üzvləri ilə görüşərək tələbələrin daha çox narazı qaldığı məqamlarla maraqlanıb. O, şikayətlərin motivi ilə yerindəcə tanış olaraq, imtahan prosesinə cavabdehlik daşıyan şəxslərə lazımi tapşırıq və tövsiyələrini verib.