Azərbaycan Tibb Universiteti ilə DTX-nın Hərbi Tibb Baş İdarəsi əməkdaşlığa başlayır

Rektor, professor Gəray Gəraybəyli: Bu saziş universitet əməkdaşları və tələbələrin elmi fəaliyyətinə mühüm töhfə verəcək

Noyabrın 28-də Azərbaycan Tibb Universiteti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi (HTBİ) arasında müştərək elmi tədqiqatların aparılması, təcrübə mübadiləsi və digər sahələrdə əməkdaşlıqla bağlı memorandum imzalanıb. İmzalanma mərasimində çıxış edənlər iki qurum arasında çoxtərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ATU-nun nüfuzlu dünya reytinqlərində yüksək yerlərdə qərarlaşması, həmçinin elmi-tədqiqat mərkəzi kimi daha da inkişafı istiqamətində işlərin gücləndirildiyini bildirib. Bu sahədə dəyişikliklərə nail olmaq üçün artıq ATU-nun Times Higher Education və QS kimi nüfuzlu beynəlxalq reytinq şirkətləri ilə əməkdaşlıq sazişləri imzaladığını vurğulayıb. Rektor G.Gəraybəyli beynəlxalq əlaqələrini gücləndirməkdə olan ATU-nun hazırda 48 ölkədən olan 30-dan çox universitet və elmi müəssisə ilə əməkdaşlıq etdiyini bildirib.

Professor G.Gəraybəyli son dövrlərdə inkişaf etdirilən istiqamətlərdən birinin məhz elmi araşdırmalarla bağlı olduğunu söyləyib, bu sahədə ADNSU, BDU kimi ölkənin aparıcı universitetləri ilə əməkdaşlıq memorandumlarının imzalandığını diqqətə çatdırıb. İndi imzalanan sazişin də universitet əməkdaşları və tələbələrin elmi fəaliyyətinə mühüm töhfə verəcəyini, bu əməkdaşlıqdan gözləntilərin özünü doğruldacağını bildirib.

DTX Hərbi Tibb Baş İdarəsinin rəisi, t/x general-mayoru Rüfət Əliyev də memorandumun tərəflər arasında əməkdaşlığın gücləndirilməsinə, əməkdaşların elmi işlərinin dünya səviyyəsinə qaldırılmasına təkan olacağından əminliyini qeyd edib. O, çıxışında rəhbərlik etdiyi idarənin fəaliyyəti, strukturu, tibb müəssisəsi kimi təqdim olunan xidmətlər haqqında məlumat verib, hərbi hospitalın, genetik araşdırmalar mərkəzinin işləri haqqında danışıb. Rəis R.Əliyev ATU ilə əməkdaşlığın böyük şərəf və məsuliyyət olması ilə yanaşı, bu əlaqələrin hər iki tərəf üçün faydalı olacağına, yaxın gələcəkdə əməli nəticəsini görəcəyimizə inandığını vurğulayıb.

İmzalanma mərasimindən sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.