Noyabrın 28-də Qidalanma və tibbi ekologiya kafedrasında yeni çapdan çıxan “Ətraf mühitin sağlamlığı” dərsliyinin təqdimatı keçirilib. Qidalanma və tibbi ekologiya kafedrasının əməkdaşları dosent Səmədov Ş.X., dosent Fətullayeva S.F., dosent Əli F.M. tərəfindən “Ətraf mühitin sağlamlığı” dərsliyi hazırlanıb və “Təbib” nəşriyyatında nəfis tərtibatla işıq üzü görüb.
Kafedrada Azərbaycan dilində təqdim edilən növbəti dərslik universitetin ictimai səhiyyə ixtisasları üzrə təhsil alan tələbələrin tədris proqramı əsasında yazılıb və ATU-nun Böyük Elmi Şurasının qərarı ilə təsdiq olunub. Proqrama daxil edilmiş “Ətraf mühitin sağlamlığı” kursu yeni fənn olmaqla yanaşı, fundamental gigiyena və tibbi ekologiyanın əsas müddəaları üzərində formalaşıb.
“Ətraf mühitin sağlamlığı” fənninin 1-ci bölməsinin əsasını insanın sağlamlıq vəziyyəti və atmosfer havasının külli miqdarda çirkləndirici amilləri arasındakı səbəb-nəticə əlaqələrinin müəyyən edilməsi təşkil edir. Bu əlaqələrin müəyyən edilməsi əhali sağlamlığının və onu əhatə edən atmosfer havasının çirkləndiricilərinin hərtərəfli öyrənilməsini tələb edir. Aparılmış tədqiqatlardan alınan nəticələrin təhlili əsasında profilaktik tədbirlər kompleksi hazırlanıb həyata keçirilməlidir. Dövlət təhsil standartına uyğun çap edilən dərslik ön sözdən və 6 fəsildən ibarətdir. Dərsliyin tərtibində bu sahədə son illərin elmi məlumatlarından, Azərbaycanda atmosfer havasının vəziyyətinə istinadən bu sahədəki normativlərdən istifadə edilib.
Dərsliyin təqdimatında çıxış edən əməkdaşlar yeni kitabın İctimai səhiyyə fakültəsi tələbələrinin daha dolğun biliklərə yiyələnməsində mühüm rol oynayacağını söyləyiblər.
Kafedranın müdiri, dosent Fəridə Əli bundan sonra da kafedrada keçilən fənlərin tədrisinin yüksək səviyyədə təmin olunması məqsədilə yeni dərsliklərin, dərs vəsaitlərinin və tədris metodik vəsaitlərin nəşrinin daim diqqət mərkəzində saxlanılacağını vurğulayıb.
“Ətraf mühitin sağlamlığı” dərsliyi ilə yanaşı, dosentlər Qalina Qəniyeva və Qəribə Hacıyeva, baş müəllim İlahə İslamzadə tərəfindən tərtib edilmiş yeni metodik tövsiyə də əməkdaşlara təqdim olunub.