I Müalicə-profilaktika fakültəsinə dekan seçkisi keçirilib

Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinə dekan seçkisi keçirilib

Tədbiri açan ATU-nun Tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov toplantının məqsədini diqqətə çatdırıb: “Bu vəzifəyə namizəd olan dosent Elşad Novruzov seçkilərə qədər fakültənin bütün kafedralarında professor-müəllim heyəti ilə görüşlər keçirərək, öz platformasını ətraflı təqdim edib. Çünki prosedur qaydalarına uyğun olaraq dekanlığa namizədin haqqında məlumat verilməli, platforması dinlənilməli və təqdimatlar ətrafında müzakirələrdən sonra fakültə kollektivi gizli səsvermə yolu ilə yeni dekanı seçməlidir”.

Bundan sonra E.Novruzovun tərcümeyi-halı və pedaqoji fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən ATU-nun elmi katibi, dosent Rəşad Talışinski bildirib ki, bu günlərdə “Təbib” qəzetində I Müalicə-profilaktika fakültəsinə dekan seçkisi üçün elan dərc edilib. Həmin elana əsasən, bu fakültənin tərkibində olan on yeddi kafedranın əməkdaşları tərəfindən ümumi yığıncaqlar təşkil olunaraq dosent E.Novruzovun dekan vəzifəsinə namizədliyi irəli sürülüb.  

Tədbirdə çıxış edən İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi professoru, Əməkdar elm xadimi Vaqif Şadlinski Elşad Novruzovu hələ tələbəlik illərindən fəal ictimaiyyətçi kimi tanıdığını bildirib. E.Novruzovun bu vəzifədə işlədiyi illər ərzində uğurlu fəaliyyət göstərdiyini qeyd edən V.Şadlinski, onun universitetin ictimai həyatındakı yerini, eləcə də tələbələrə və əməkdaşlara olan xoş münasibətini, insani və pedaqoji keyfiyyətlərini yüksək qiymətləndirdiyini nəzərə çatdırıb. V.Şadlinsiki fakültənin yaranması, həmçinin inkişaf tarixindən də söz açıb və özünün bu fakültədəki fəaliyyətini xatırladıb.

Bundan sonra üç nəfərdən ibarət hesablayıcı komissiyanın elan etdiyi nəticəyə görə, dosent E.Novruzov gizli səsvermə yolu ilə yenidən I Müalicə-profilaktika fakültəsinin dekanı seçilib.

Toplantıya yekun vuran professor N.Pənahov vurğulayıb ki, son dövrlər fakültə dekanlarına geniş səlahiyyətlər verilib ki, bu da onlarda daha çox məsuliyyət yaradıb. O əlavə edib ki, artıq neçə ildir Elşad müəllim bu vəzifədə çalışır və kifayət qədər təcrübəyə malikdir. Kollektivin göstərdiyi etimadı bundan sonra da doğruldacağına əminliyini ifadə edən prorektor, ona işlərində uğurlar diləyib.

Öz növbəsində, E.Novruzov göstərilən etimada, yenidən dekan seçilməsinə görə universitetin rəhbərliyinə və fakültənin kollektivinə öz təşəkkürünü bildirib.