ATU-nun tərbiyə işləri üzrə prorektoru ABŞ-da keçirilən nüfuzlu tədbirdə ölkəmizi təmsil edib

Bu günlərdə ABŞ-ın Jacob K.Javits Mərkəzində 100-cü Böyük Nyu-York Stomatologiya Konqresi (The 100th Greater New-York Dental Meeting) keçirilib. Bu nüfuzlu beynəlxalq tədbirdə Azərbaycan Tibb Universitetinin tərbiyə işləri üzrə prorektoru, dosent, stomatoloq Mahir Səfərov iştirak edib.

İkinci bölgə üzrə Stomatologiya Cəmiyyəti və Nyu-York bölgəsinin Stomatologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən toplantıda bu tibb sahəsi üzrə dünyanın məşhur mütəxəssisləri iştirak ediblər. Beynəlxalq Stomatologiya Konqresi çərçivəsində Böyük implant sərgisi, Qlobal ortodontik və 3D mövzuları üzrə konfranslar, Ağız gigiyenası simpoziumu da baş tutub. Toplantıda pediatrların zirvə görüşü, Qadın sağlamlığı və İctimai səhiyyə üzrə müxtəlif proqramlar da təqdim olunub.

Azərbaycan Tibb Universitetinin tərbiyə işləri üzrə prorektoru, dosent, stomatoloq Mahir Səfərovun sözlərinə görə, ümumilikdə konqres iştirakçıları stomatologiyada ən son müalicə metodları və yeni texnologiyalarla tanış olublar. Bu tədbir ATU-nun stomatologiya fakültəsi və Stomatoloji Klinikasının beynəlxalq münasibətlərinin gücləndirilməsi, xarici tibb mərkəzləri ilə qarşılıqlı layihələrin işlənməsi baxımından uyğun əlaqələrin qurulması imkanı, ümumiyyətlə stomatologiyanın inkişafına böyük töhfə verən toplantı kimi qiymətləndirilə bilər.