Dekabrın 12-də Azərbaycan Tibb Universitetində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə Ümummilli Liderin büstü önünə gül dəstələri düzülüb və xatirəsi ehtiramla yad edilib.
Anım tədbirində çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb. Heydər Əliyevin bu günkü anım tədbirinin əsasən I kurs tələbələrinin iştirakı ilə keçirilməsinin xüsusi önəm daşıdığını söyləyən rektor bildirib ki, ənənəvi olaraq il ərzində Ulu Öndərə həsr olunmuş bir çox tədbirlər keçirilir: “Bu tədbirlərdə daim iştirak edən professor-müəllim heyəti və yuxarı kurs tələbələri dahi şəxsiyyətin həyat və fəaliyyəti, siyasəti ilə yaxından tanış olurlar. Düşünürəm ki, Azərbaycan xalqının gələcəyi üçün bu məlumatları, bu tarixi siz - universitetimizə bir neçə ay öncə qəbul olunmuş I kurs tələbələri daha mükəmməl bilməlisiz. Nəinki bilməlisiz, öyrəndiklərinizi özünüzdən sonrakı nəsillərə də ötürməlisiz. Xatırladım ki, siz Ulu Öndər haqqında yalnız dərsliklərdən, kitablardan öyrənirsiz. Ancaq orta və yaşlı nəsilə, sizin valideynlərinizə o böyük şəxsiyyətlə eyni tarixi zamanda yaşamaq nəsib olub. Ulu Öndər barədə çoxlu məqalələr, kitablar yazılır, filmlər çəkilir. Bununla belə, onun Azərbaycanın ictimai-siyasi həyatındakı izini, irsini öyrənmək üçün hələ illər lazımdır. Bu gün Azərbaycan xalqı tarixinin ən parlaq səhifələrindən birini yaşayır. Sizin bügünkü firavan həyatınızı 30 il əvvəl təsəvvür etmək belə çətin idi”.
COP29 beynəlxalq tədbirinin ölkəmizdə keçirilməsini, bu tədbirdə 80 min nəfərin, 70-dən çox dövlət başçısının iştirakını xatırladan rektor, bütün bunları ölkəmizin beynəlxalq arenada artan nüfuzunun göstəricisi kimi dəyərləndirib.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən qürurla söhbət açan rektor qeyd edib ki, bir zamanlar bizim Şuşaya gedəcəyimz fantastik yuxu kimi görünərdi. Şükürlər olsun ki, artıq xəyallarımız reallaşıb: “Biləsiniz ki, bu tarixi qələbə asanlıqla başa gəlməyib. Biz bütün dünyaya sübut etdik ki, Azərbaycan müstəqil bir dövlətdir, xalqımız öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməyə qadirdir. Zəfər yürüşündən danışanda haqlı olaraq deyirik ki, bu böyük qələbə möhtərəm prezidentimiz İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində mümkün olub. Eyni zamanda unutmuruq ki, şanlı qələbəmizin bünövrəsi Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub”.
Bu il Universitetimizə qəbul olunan I kurs tələbələrinin 85 faizinin dövlət hesabına təhsil aldığını yada salan rektor, Azərbaycanda səhiyyə sahəsinin inkişafının və peşəkar tibbi kadrların hazırlanmasının da məhz Ulu Öndərin adı ilə bağlı olduğunu vurğulayıb: “Heydər Əliyevin xalqımız, dövlətimiz və tariximiz qarşısında xidmətləri misilsizdir. Tarix onun dahiliyini və uzaqgörənliyini hər dəfə təsdiq edir. Keçmiş günlərə nəzər saldıqda, Ulu Öndərin Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bildiyini görürük. O zaman müxtəlif qüvvələrin təsiri nəticəsində Azərbaycanın dövlətçiliyi, ərazi bütövlüyü sual altında idi”.
Məhz Heydər Əliyevin müdaxiləsi, onun yürütdüyü müdrik siyasət nəticəsində bu təhlükələrin sovuşduğunu söyləyən rektor, Azərbaycan dövlətçiliyinin bütün qüvvələrə qalib gəldiyini, bu dahi şəxsiyyətin bütün sahələrdə silinməz izlər qoyduğunu bildirib.
İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev də anım tədbirində çıxış edərək Heydər Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı naminə həyata keçirdiyi həm siyasi, həm iqtisadi islahatlardan söz açıb. İnanclı bir ailədə böyüyən Heydər Əliyevin xilaskar missiyasını yerinə yetirməsi üçün Allah tərəfindən həmişə qorunduğunu bildirib: “Ulu Öndər deyirdi ki, mən həyatda üç şeyə arxalanmışam: birincisi Yaradanıma, ikincisi zəhmətimə, üçüncüsü xalqıma. Öz xalqının xilaskarına çevrilən Heydər Əliyevin ən böyük əsəri müstəqil, suveren Azərbaycan dövlətidir. Fəxrlə deyə bilərik ki, Ulu Öndərin davamçısı İlham Əliyevin qətiyyəti, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində, qüdrətli bir dövlətin sahibiyik”.
Mikrobiologiya və immunologiya kafedrasının müdiri, professor Həqiqət Qədirova qeyd edib ki, hələ sağlığında əfsanəyə çevrilən Heydər Əliyevin həyatı xalqına və Vətənənə misilsiz xidmət nümunəsidir. Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü Heydər Əliyevin şəxsiyyəti, fəaliyyəti ilə bağlıdır. Nadir tarixi hadisədir ki, Heydər Əliyev iki fərqli ictimai-siyasi qurululuşda Azərbaycana rəhbərlik edib və onu bütün dünyaya tanıdıb. Təhsilimizin və səhiyyəmizin inkişafında Heydər Əliyevin misilsiz xidmətlərindən də danışan natiq bu böyük tarixi şəxsiyyətin işıqlı xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını söyləyib.
XX əsrin Azərbaycan tarixinə məhz görkəmli dövlət xadimi Heydər Əliyevlə düşdüyünü deyən I Müalcə-profilaktika fakültəsinin III kurs tələbəsi Şəbnəm Abdullazadə bildirib ki, Ulu Öndər müstəqil Azərbaycanın təhsil sisteminin memarı və qurucusudur: “Sağlam düşüncəli hər bir Azərbaycan vətəndaşı, hər bir gənc bilir ki, Heydər Əliyev yoluna, ideyalarına sadiq qalmadan xalqın xoşbəxtliyinə, dövlətin tərəqqisinə nail olmaq mümkün deyil. Görkəmli siyasətçi, dövlət xadimi Heydər Əliyev ideyalarına, siyasətinə, ata nəsihətinə əməl edən möhtərəm prezidentimiz İlham Əliyev üzərinə götürdüyü bu məsuliyyətin və vəzifələrin öhdəsindən layiqincə gəldi. Biz gənclər çalışırıq ki, öz əməllərimizlə buna layiq olaq”.
Anım tədbirində dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən sənədli filmi də nümayiş etdirilib.
Tədbirdən sonra ATU-nun əməkdaşları Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.