Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) təşkilatçılığı ilə “Elm və ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda tədbir keçirilib
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, müvafiq dövlət qurumları, elm və ali təhsil müəssisələrinin rəhbər və nümayəndələri, eləcə də xarici tələbələr, onların təhsilinin təşkili üzrə məsul əməkdaşlar iştirak ediblər.
Yığıncaqda ali təhsil müəssisələrinin 2024-cü ildə elm və ali təhsilin beynəlmiləlləşməsi sahəsində fəaliyyətləri haqqında hesabatlar dinlənilib və müzakirələr aparılıb. Həmçinin “Elmi universitetə necə gətirməli?” və “Ali təhsilin beynəlmiləlləşməsi” mövzularında panel sessiyaları təşkil olunub.
2024-cü ildə təsis edilmiş və Azərbaycan Tibb Universitetinin də iştirak etdiyi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı və bu proqram çərçivəsində ölkəmizə gələn əcnəbi vətəndaşlar haqqında məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bu proqram əsasında Azərbaycanın ali təhsil müəssisələrinə qəbul edilmiş əcnəbi vətəndaşlara sertifikatlar təqdim olunub.
ATU-nun Ürək-damar cərrahiyyəsi ixtisası üzrə IV kurs rezidenti Nazir N.M. Zahir Abeerə təhsil dövründə ictimai fəallığı ilə fərqləndiyi üçün EATDA tərəfindən təşəkkürnamə verilib. Universitetimiz isə ali təhsil müəssisələri arasında "Elm və ali təhsilin beynəlmiləlləşməsi" sahəsində fəaliyyətinə görə təşəkkürnamə ilə təltif olunub. Sertifikatı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər Səttarovadan Azərbaycan Tibb Universiteti adından Beynəlxalq əlaqələr üzrə prorektor Orxan İsayev qəbul edib.