1-ci kurs rezidentlərlə görüş keçirilib

Dekabrın 16-da Azərbaycan Tibb Universitetinin 1-ci kurs rezidentləri ilə universitetin Tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov,  Rezidentura və magistratura şöbəsinin müdiri, dosent İlhamə Mustafayeva və şöbənin əməkdaşlarının görüşü olub

Professor Nazim Pənahov belə görüşlərin təşkilini təqdir edərək, mütəmadi keçirilməsini arzu edib. Rezidentlərə üz tutaraq bildirib ki, onların əksəriyyəti universitetin məzunlarıdır: “1-ci kurs rezidentləri ilə biz ilk dəfədir görüş keçiririk. Əsas məqsədimiz sizin üzləşdiyiniz problemlərlə maraqlanmaq və aradan qaldırmaq, üzərinizə düşən öhdəlik və vəzifələri diqqətinizə çatdırmaqdır. Bildiyiniz kimi, rezidentura sistemi bizdə 2011-ci ildən etibarən tətbiq olunmağa başlayıb. Bu sistemin geriyə dönüşü yoxdur və hazırda bütün dünyada tətbiq olunur. Artıq rezidenturasız hər hansı ixtisas almaq mümkün deyil. Elə ölkələr var ki, bu təhsil 15, 18, 20 ilədək davam edir. Bizdə də ortalama elədir”.

Prorektor 2011-ci ildən bu yana rezidentura sahəsində həyata keçirilmiş əsaslı dəyişikliklərdən də söhbət açıb və bildirib ki, bu proses davam etməkdədir: “Müvafiq nazirliyə təkliflər göndərilib və cavab rəyi alınıb. Növbəti mərhələdə Nazirlər Kabinetində baxılacaq. Rezidentura təhsilində alt ixtisaslaşmanın yaradılması təklif olunub. Hazırda köhnə sistem fəaliyyətdədir. Amma gələn ildən yeni sistem tətbiq olunacaq”.

N.Pənahov rezidentlərdən gözləntiləri dilə gətirib: “İstəyirik ki, bu pillə sizin nəzərinizdə yalnız hansısa ölkəyə getmək üçün bir tramplin olmasın. Oğlanlara isə hərbi xidmətdən möhlət almaq üçün bəhanəyə çevrilməsin. Ola bilər, bəziləriniz fikirləşir ki, 15-20 il ömrümüzdən boşuna gedir. Amma unutmayın ki, bu illərdə çəkdiyiniz zəhmətin bəhrəsini mütləq görəcəksiniz”.

Rezidentura və magistratura şöbəsinin müdiri, dosent İlhamə Mustafayeva da bunun 1-ci kurs rezidentləri ilə ilk görüş olduğunu qeyd edib. Onun sözlərinə görə, rezidentlər universitetdə təhsil almaqla yanaşı, əmək müqaviləsi də bağlayıblar: “Bağlanan müqavilənin üstünlüyü ondan ibarətdir ki, siz təhsil aldığınız müddət iş stajınıza daxil olunacaq. Yəqin hər birinizin Fərdi İş Planınız var. Bu sizin rezidenturaya daxil olduğunuz və bitirənədək fəaliyyətinizi əks etdirən bir dövlət sənədidir. Siz bu sənədə gündəlik göstərdiyiniz fəaliyyətlə bağlı qeydlərinizi edirsiniz. Bu, o deməkdir ki, siz artıq fəaliyyətdəsiniz”.

İ.Mustafayeva rezidentlərin əmək intizamına riayət etməsinə də toxunub. Bildirib ki, bütün müəssisələrdə olduğu kimi, universitetimizdə də əmək intizamı əsas tələblərdən biridir. Rezidentlərə onlarla bağlanmış əmək müqaviləsində öz əksini tapmış iş saatlarını dəqiqi bilməyi, səlahiyyət və vəzifələrini lazımınca yerinə yetirməyi tövsiyə edib.

Rezidentura və magistratura şöbəsinin müdir müavini Namiq Xəlilov isə öz çıxışında bildirib ki, ATU-da 837 rezident təhsil alır. DİM xətti ilə 242 nəfər 1-ci kursa qəbul olunub. Onlardan 193 nəfər ATU-da, 50 nəfər kənar bazalarda təhsil alır. Rezidentlərin 13 nəfəri isə əcnəbilərdir. Hər il ənənəvi olaraq kafedralar üzrə çoxsaylı seminar və elmi konfransların təşkil edildiyini bildirən N.Xəlilov rezidentləri bu cür tədbirlərdə fəal iştiraka çağırıb.  

Görüş zamanı rezidentlərin çoxsaylı sualları ətraflı şəkildə cavablandırılıb.