ATU-nun bir qrup əməkdaşı Ankarada beynəlxalq konqresdə iştirak edib

ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, dosent Yaqut Hacıyeva, Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent Fəridə Əli, Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri Şəhla Balayeva və Patoloji fiziologiya kafedrasının bir qrup əməkdaşı dekabrın 5-dən 7-dək Türkiyənin Ankara şəhərində keçirilən 26-cı Beynəlxalq İctimai Sağlamlıq Konqresində (Uluslararası və Ulusal Halk Sağlığı Konqresi) iştirak ediblər.

Konqresdə ictimai sağlamlıq problemləri geniş müzakirə olunub, həmçinin qeyri-yoluxucu xəstəliklər və onların risk amilləri, ana və uşaq sağlamlığı, herontoloji problemlər, vaksinlər, iqlim dəyişikliyinin insan sağlamlığına təsiri və tibbin digər sahələrinə dair mövzularda çıxışlar dinlənilib.

Dünyanın bir çox ölkələrindən mütəxəssislərin iştirak etdiyi konqresdə dosent Şəhla Balayevanın “Tələbələrin həyat keyfiyyətinə və sağlamlığına təsir edən riskli davranışlar və həyat tərzi”, Qidalanma və tibbi ekologiya kafedrasının baş müəllimi İlahə İslamzadənin “Azərbaycanda sağlam həyat tərzinin təbliği” mövzusunda məruzələri maraqla qarşılanıb və verilən suallar ətraflı cavablandırılıb. Dosent Yaqut Hacıyeva isə iclasda məruzə oxumaqla yanaşı, həm də moderator olub.

Üç gün davam edən beynəlxalq konqresin əsas hədəfi qabaqcıl ölkələrin təcrübələrini öyrənmək, müxtəlif səpkili mövzuların müzakirələrində yaxından iştirak etmək və ictimai sağlamlıq mövzusunun aktuallığını gündəmdə saxlamaqdan ibarət olub.