12-14 dekabr 2024-cü il tarixlərində Ankarada İdman Elmləri Universitetində keçirilən İdman, Antropologiya, Qidalanma, Anatomiya və Radiologiya (SANAR 2024) üzrə beynəlxalq konfransda Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının əməkdaşları müxtəlif elmi mövzularda məruzələrlə çıxış ediblər.
Maraqlı elmi araşdırmaların müzakirə olunduğu tədbirdə əməkdaşlarımız tərəfindən V.B.Şadlinski, A.S.Abdullayev. G.E.Kərimzadə, N.T.Mövsümov, S.V.Şadlinskayanın tədqiq etdiyi insan kəllələri haqqında məlumat verilib. Beynəlxalq konfransda müxtəlif yaş dövrlərində insan kəllələrinin morfometrik parametrlərinin təyini, həmçinin fərqli hündürlük indekslərinə malik kəllələrdə üz kanalının məməyəbənzər seqmentinin uzunluğunun yaşa bağlı dəyişiklikləri, kəllə hündürlüyü ilə əlaqəsinin müəyyən edilməsi barədə söz açılıb. Həmçinin Babayeva R.E, Hüseynov B.M tərəfindən araşdırılan yoğun bağırsağın sinir kələfi qanqlionlarının morfoloji özəllikləri və bu məsələnin əhəmiyyətindən bəhs olunub. Beynəlxalq konfransda V.B.Şadlinski, S.M.Rüstəmovanın təqdimatında Azərbaycanda yaşayan əhali arasında qalxanabənzər vəzinin morfometrik parametrləri haqqında ətraflı məlumat verilib, yaşla əlaqədar dəyişikliklər nəzərə çatdırılıb.
Əməkdaşlarımızın çıxışları Ankara Tibb Universitetinin professorları İbrahim Tekdemir, Ayhan Comert, Robert Gozil və digər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.