14 dekabr 2024-сü il tarixində Azərbaycan Tibb Universitetinin Tədris İdman kompleksində Bakı şəhər Gənclər və İdman İdarəsi və “Təbib” idman klubunun təşkilatçılığı ilə “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş tələbələr arasında stolüstü tennis turniri keçirilib. Turnirdə Azərbaycan Tibb Universitetinin tələbələri ilə yanaşı, Azərbaycan Dövlət İqtisad Univarsitetinin (UNEC) tələbələri də olmaqla 31 oğlan və 9 qız iştirak edib.
Açılış mərasimində “Təbib” idman klubunun sədri Qələndər Aslanov və Bakı şəhər Gənclər və İdman idarəsinin Nəsimi rayon gənclər və idman sektoru üzrə baş məsləhətçisi Sirac Axundov turniri açıq elan edərək tələbələrə uğurlar arzulayıblar. Belə yarışların təşkil edilməsinin tələbələrin semestr imtahanları öncəsi motivasiya olunmasında böyük əhəmiyyət daşıdığı bildirilib.
Açılış mərasimindən sonra yarışın baş hakimi Yaroslava Ağaməliyeva turnirə start verib. Qızların dairəvi sistem üzrə keçirilən turnirinin sonunda qaliblər müəyyənləşib. Səbinə Məmmədova (UNEC) I, Nərmin Davudova (ATU) II, Nilgün Əqiq (UNEC) III, oğlanlar arasında Olimpiya sistemi üzrə keçirilən yarışlarda isə Barış Kaplan (ATU) I, Ərtoğrul Cəbrayılov (UNEC) II, Meysəm Qənbəri (ATU) III yerə layiq görülüb. Sonda qaliblər Bakı Şəhər Gənclər və İdman İdarəsinin təsis etdiyi medal, diplom və kuboklarla mükafatlandırılıb.