ATU-da qış sessiyasının təşkili müzakirə olunub

Azərbaycan Tibb Universitetində (ATU) qarşıdan gələn imtahan sessiyasına hazırlıq işləri bağlı universitet rəhbərliyinin iştirakı ilə tədbir keçirilib. Görüşdə dekabrın 29-dan etibarən başlayan qış imtahan sessiyasının effektiv təşkili, prosesin icrası ilə əlaqəli müxtəlif məsələlər müzakirə olunub.

ATU-nun Tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov universitetdə tədris prosesinin  təşkili, təhsilin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən islahatlar və yeniliklər barədə məlumat verib. İmtahan sessiyasının tədris prosesinin vacib hissəsi olduğunu qeyd edən prorektor N.Pənahov tələbələrin də bu prosesə ciddi hazırlığının önəmini vurğulayıb.

ATU-nun Tədris departamentin rəhbəri, dosent Kamandar Yaqubov sessiya zamanı ən çox rast gəlinən problemlərdən danışıb və mövcud problemlərin həllinə dair öz fikirlərini irəli sürüb. O, imtahan prosesinin təşkilatçıları, nəzarətçilərinin öhdəliklərini xatırladıb, qayda pozuntularının qarşısının alınması üçün əhəmiyyətli olan məqamlara diqqəti çəkib.

Universitetin İmtahan Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ülkər Cəfərova imtahan sessiyası zamanı daha çox rast gəlinən pozuntular barədə danışıb. Bu cür halların qarşısının alınması üçün tələbələr arasında mütəmadi olaraq maarifləndirmə işinin aparılmasının önəmli olduğunu bildirib. İmtahan-nəzarət qrupunun rəhbəri Pəri İsaqova isə imtahanların keçirilmə qaydaları, nəzarətçilərin fəaliyyəti ilə bağlı ən vacib məqamlardan danışıb.

ATU-nun dekanlıqları ve İmtahan mərkəzinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə sessiya ilə bağlı digər önəmli məsələlərin müzakirə olunub.