“HƏYAT” teatr klubu yeni tamaşa ilə pərəstişkarlarının görüşünə gəlib

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “HƏYAT” teatr klubu indiyədək yadda qalan uğurlara imza atıb. Bu dəfə isə yaradıcı heyət məşhur ingilis yazıçısı, dramaturqu, ssenaristi və yayımçısı John Boynton Priestleyin “Bir müfəttiş çağırır…” əsərini səhnələşdirərək pərəstişkarlarının görüşünə gəlib.

Tamaşada intiharı düşünülən bir qadının hekayəsi canlandırılır. Əsas hadisələr isə bir iş adamının ailəsində cərəyan edir. Xudmani nişan mərasimində ailənin bütün üzvləri xoşbəxt görünürlər. Onlar özlərindən də adlı-sanlı, zəngin bir ailə ilə qohum olacaqlarından məmnundurlar və gələcək planlarından danışırlar. Ailə başçısı “Baxmayaraq ki, bəzi şəxslər komminizm və sosializm haqqında boş-boş danışır və yazırlar. Onların fikrincə, hamı bir-birinin etdiyi əməllərə görə məsuliyyət daşımalıdır. Amma mən sizə deyirəm ki, bir kişi yalnız ətrafındakılara diqqət etməli, ailəsini qorumalıdır. Qalanı boş söhbətlərdir” -  deyə öz mülahizələrini söyləyir. Bu zaman xidmətçinin “onları bir müfəttiş çağırır” xəbəri məclisin ahəngini pozur.  Çağırılmamış qonaq ailəni mühakimə edərək bütün gerçəkləri ortaya çıxarda bilir.  Tamaşa boyu “kimdir günahkar” sualına cavab axtarılır. Eyni zamanda qəfil təşrif buyuran qonağın doğrudan da rəsmi müfəttiş, yoxsa müfəttiş rolunda çıxış edən şəxs olması ətrafında da müzakirələr gedir. Ancaq istənilən halda mahiyyət dəyişmir. Yəni cəzadan kənarda qalmaq günahsız olmaq anlamına gəlmir. Hər kəs düşünməlidir ki, “biz bir bədənin üzvləriyik”. Tamaşanın cəmiyyətə mesajı budur və əminliklə deyə bilərik ki, yaradıcı heyət öz hədəfinə çatıb.

“HƏYAT” teatr klubunun bədii rəhbəri və sədri Aytac Şükürlü bu tamaşanı hazırlayarkən tələbələrin dedektiv janra marağını da nəzərə aldıqlarını deyib. Bildirib ki, İngiltərənin ən məşhur, sevilən tamaşalarından birinin Azərbaycan tamaşaçıları tərəfindən də bəyənilməsi seçimimizdə yanılmadığımızı göstərir.

Əvvəllər olduğu kimi, XII teatr mövsümündə də öz rollarını məharətlə oynayan tələbə aktyorlar Dilbər Rahim Əliyeva (müfəttiş Grace), Hüseyn Qarayev (Arthur Birling), İlahə Əliyeva (Sible Birling), Fidan Rəhmanlı (Sheila Birling), Mirhəsən Cəfərov (Eric Birling), Günel Bəşirova (Edna) və Aydın Çələbi (Gerald Croft) tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tamaşadan sonra səhnə arxasına keçərək yaradıcı heyətlə görüşən universitetin rektoru, professor Gəray Gəraybəyli xüsusi istedadları ilə fərqlənən gəncləri təbrik edib, onların hər birinə yaradıcılıq uğurları arzulayıb.

Xatırladaq ki, quruluşçu rejissoru və baş inzibatçısı, musiqi tərtibatçısı Dilbər Rahim Əliyeva olan tamaşanın bədii rəhbəri Fidan Rəhmanlı, quruluşçu rəssamı Mirhəsən Cəfərov, geyim üzrə rəssamı İlahə Əliyeva, səs rejissoru Aydan Əhmədzadə, işıq üzrə rəssamı isə Nicat Əsədov və Səfa Eminlidir.