ATU-nun nümayəndələri Tələbə Elmi Cəmiyyəti Forumunda iştirak ediblər

Dekabrın 20-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Tələbə Elmi Cəmiyyəti Forumu keçirilib. Tədbirdə müxtəlif universitetlərin Tələbə Elmi Cəmiyyətlərinin (TEC) sədrləri, nümayəndələri iştirak ediblər. Azərbaycan Tibb Universitetinin I Uşaq Xəstəlikləri kafedrası Elmi tədqiqatların idarə olunması departamentinin elmi-tibb koordinatoru ass. Aytən Şıxəliyeva və Azərbaycan Tibb Universitetinin II Müalicə Profilaktika Fakültəsi, 4- cü kurs tələbəsi, TEC-in sədri Həmid Səfərli təmsil ediblər.

Forumda çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qonaqları salamlayıb, universitetin fəaliyyətində, tələbələrin fərdi inkişafında, biliklərinin artırılmasında Tələbə Elmi Cəmiyyətlərin əhəmiyyətini vurğulayıb, Forumun işinə uğurlar arzu edib.

Tələbə Elmi Cəmiyyəti Forumunda gənc tədqiqatçılar və tələbələrin elmi tədqiqatlarının aktuallığı və təhsil sahəsindəki yenilikləri müzakirə edilib. Həmçinin, Forumda iştirak edən TEC sədrləri müasir elmi yanaşmalar və innovasiyalar mövzusunda fikir mübadilələri apararaq, təkliflərini irəli sürüblər.

ADMİU TEYC-in sədri Ülkər Rzayeva çıxış edərək Forumun əsas məqsədini və bu Forumdan gözləntiləri qeyd edib. Bildirilib ki, Forumun əsas məqsədi, gənclərin elmi tədqiqatlara marağını artırmaq və elmi əməkdaşlıq imkanlarını müzakirə etməkdir. U.Rzayeva TEC-in tələbələrin öz tədqiqatlarını təqdim etməsi və gələcək əməkdaşlıq imkanları qurması üçün mükəmməlbir platforma olduğunu deyib. O əlavə edib ki, yaradıcı sahədə əməkdaşlıq müxtəlif ixtisaslardan olan insanları bir araya gətirə bilər. Bu baxımdan Forumun digər məqsədi də təhsil müəssisələri arasında elmi əməkdaşlıq əlaqələrinin yaradılması və gücləndirilməsidir.

Digər universitetlərin TEC sədrləri çıxış edərək öz fəaliyyətləri barədə məlumat verib, Forumun əhəmiyyətini vurğulayıblar. Sonda növbəti dəfə TEC sədrlərinin görüşü planlaşdırılıb və bu Forumun hər il müxtəlif universitetlərdə keçirilməsi qərara alınıb. Təsadüfi seçimə əsasən Forum 2025-ci ildə yenidən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçiriləcək.