Prorektor Mahir Səfərov: Antibiotiklərdən lüzumsuz istifadənin qarşısı alınmalıdır
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə “Antibiotiklər. Miflər və həqiqətlər” mövzusunda təlim xarakteri daşıyan interaktiv tədbir keçirilib. Tədbirin məqsədi antibiotiklərdən lazımi şəkildə istifadə etməklə onların effektivliyinin qorunub saxlanması istiqamətində maarifləndirmə işinin aparılması olub.
Tədbiri giriş sözü ilə açan ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov universitetdə bu istiqamətdə ənənəvi olaraq həyata keçirilən təbliğat-təşviqat xarakterli tədbirlərin əhəmiyyətini vurğulayıb və görülən işlərin tələbələrin həyatında böyük rol oynadığını bildirib. O, müzakirəyə çıxarılan mövzunun hər zaman aktual olduğunu, antibiotiklərdən lüzumsuz istifadənin qarşısını almağın və onların pasiyentə yalnız ixtisaslaşmış səhiyyə mütəxəssisi tərəfindən təyin olunmasının vacibliyini diqqətə çatdırıb. Toplantının işinə uğurlar arzulayan prorektor, tədbirin yüksək səviyyədə təşkilinə görə İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyevaya, digər təşkilatçılara və qonaqlara təşəkkürünü bildirib.
Sonra Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin nümayəndələri Cəvahir Süleymanova, Marçello Gelornini, Olqa Grintsova və baçqaları fikirlərini bölüşüblər. Onlar ÜST-ün tövsiyə və tələblərinə ölkəmizdə ciddi əməl olunduğunu, səhiyyə sistemində aparılan islahatların yüksək qiymətləndirildiyini deyiblər. Çıxışlarda bildirilib ki, ÜST-ün əsas məqsədi müxtəlif ölkələrə dəstək olmaq, yerli ekspertlərin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər keçirməkdir. Məlumat verilib ki, BMT sistemində beynəlxalq səhiyyə məsələlərini əlaqələndirən bu təşkilatın ekspertləri səhiyyə üzrə rəhbər müddəa və standartlar hazırlayır, dövlətlərə səhiyyə sahəsindəki problemlərin həllində köməklik göstərir, habelə bu sahədə elmi tədqiqatları dəstəkləyir və təşviq edir. Çıxışlarda o da vurğulanıb ki, ölkəmiz 1992-ci ildə ÜST-ə üzv qəbul olunub.
İSİM-in Təlim-resurs şöbəsinin həkimi Pərvin Quliyeva “Antibiotiklər. Miflər və həqiqətlər” mövzusunda geniş təqdimatla çıxış edərək bildirib ki, antibiotikə qarşı davamlılığın güclənməsi qlobal sağlamlığın üzləşdiyi əsas təhlükələrdən biridir: “Antibiotiklər viruslar tərəfindən törədilən qrip və ya soyuqdəymə kimi xəstəliklər zamanı istifadə olunmur, çünki antibiotiklər viruslara təsir göstərmir. Bakteriya hər hansı bir antibiotikin təsirindən qorunma qabiliyyətini inkişaf etdirirsə, deməli, o, antibiotiklərə davamlılıq əldə edib. Yəni həmin antibiotik artıq bu bakteriyaya təsir göstərmir. İllər ərzində bir çox xəstəliklər törədən bakteriyanın müxtəlif antibiotiklərə davamlı olması onların həddindən çox və ya qeyri-düzgün istifadəsinin nəticəsidir. Antibiotiklərə davamlılığın yaranması çox narahatedici haldır, çünki mövcud olan bir çox antibiotiklər artıq bakteriyalara təsir göstərmir və bakteriya mənşəli xəstəliklərin müalicəsi çətinləşir”.
Tədbir “Antibiotiklər barədə maraqlı məlumatlar” mövzusunda viktorina ilə davam edib. Tələbələr antibiotiklərin düzgün istifadəsi ilə bağlı sualları cavablandıraraq bu haqda geniş məlumat əldə ediblər.
Yekunda tədbirin fəal iştirakçılarına və oyunda qalib gələnlərə xatirə hədiyyələri, maarifləndirici materiallar təqdim olunub.