ATU-da iki ixtisas üzrə ilk magistr məzunların buraxılışı olub

Rektor, professor Gəray Gəraybəyli: Hər yenilikdə müəyyən çətinliklərlə üzləşsək də, sonda qürurverici nəticələr əldə etmişik
 Bu il ilk dəfə Azərbaycan Tibb Universitetində (ATU) Mikrobiologiya və Biokimya ixtisasları üzrə magistratura təhsil səviyyəsindən məzun buraxılışı olub. Bu münasibətlə universitet rəhbərliyi ilə yeni ixtisaslar üzrə magistrlərin görüşü keçirilib. 
ATU-nun rektoru, professor Gəray Gəraybəyli əvvəlcə bu görüşün əlamətdar bir günə - ölkə prezidenti, cənab İlham Əliyevin doğum gününə təsadüf etdiyini vurğulayıb. O məhz dövlət başçısının apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın günü-gündən inkişaf etdiyini, ərazi bütövlüyümüzün bərpa olunduğunu və dünya birliyindəki mövqeyimizin yüksəldiyini diqqətə çatdırıb. Rektor ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən təhsil və tibb sahəsində uğurlu islahatların həyata keçirildiyini qeyd edib.
95 yaşlı universitetimizin Mikrobiologiya və Biokimya üzrə ilk magistr məzunlarını təbrik edən professor G.Gəraybəyli, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb: “Bu ixtisaslar tibb elminin inkişafı üçün xüsusi önəm daşıdığına görə, magistratura təhsil səviyyəsinin yaradılmasına qərar verilmişdi. İstənilən yeniliyin tətbiqi müəyyən çətinliklərlə başa gəlir. Biz də universitetimizdə tədris prosesinin təkmilləşdirilməsi yönündə bir çox yeniliklər etmişik və əvvəldə müəyyən çətinliklərlə üzləşsək də, daim qürurverici nəticələr əldə etmişik”.
Görüşün sonunda ATU-nun rektoru yeni ixtisaslar üzrə ilk məzunlara diplomlarını təqdim edib. Mikrobiologiya və Biokimya ixtisasları üzrə tədris aparan Mikrobiologiya və immunologiya kafedrasının müdiri Həqiqət Qədirova və Biokimya kafedrasının müdiri Gülnarə Əzizovaya isə ATU adından təşəkkürnamələr təqdim olunub. 
Məlumat üçün bildirək ki, ümumilikdə 2024-cü il üzrə ATU-da 54 magistr təhsil alıb. Onların 10 nəfəri (5 nəfər Mikrobiologiya, 5 nəfər Biokimya) sözügedən ixtisaslar üzrə ilk məzunlardır.