Dekabr ayında Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Uşu Federasiyasının təşkilatçılığı ilə uşu üzrə 31-ci respublika çempionatı keçirilib. Şağan Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə federasiya rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və qonaqlar iştirak ediblər.
Açılış mərasimində Uşu Federasiyasinin prezidenti Azər Həsənsoy turnir barədə məlumat verərək idmançılara uğurlar arzulayıb. Digər çıxış edənlər də yarışın əhəmiyyətini yüksək qiymətləndiriblər.
Çempionatda paytaxtla yanaşı, bölgələrdən komandaların tərkibində müxtəlif çəki dərəcələrində 150-yə yaxın idmançı mübarizə aparıb. Çempionatın təşkilində əsas məqsəd uşu idman növünün kütləviliyinin təmin edilməsi, yığma komandaların tərkibinin formalaşdırılması və idmançıların yarış təcrübəsinin artırılması idi. Turnirdə fərqlənən idmançılar Avropa çempionatında milli komandanın tərkibində ölkəmizi təmsil edəcəklər.
Sevindirici haldır ki, yarışa qatılan ATU-nun II Müalicə-profilaktika fakültəsinin ingilis dili bölməsinin I kurs tələbəsi Səid Yadigarlı 75+ çəki dərəcəsində respublika 2-cisi olub. Bu münasibətlə idmançı tələbəmizi təbrik edir, ona təhsilində və idman karyerasında uğurlar arzulayırıq.