ATU əməkdaşlarına təşəkkürnamələr təqdim olunub

 

“Yola saldığımız 2024-cü il Azərbaycan tarixində əlamətdar hadisələrlə zəngin bir il oldu. Bunların sırasında dünya miqyaslı COP29 – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti sessiyasının uğurlu təşkili xüsusi yer tutur”. Bu sözləri Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr edilmiş toplantıdakı çıxışında bildirib.

Çıxışının əvvəlində rektor G.Gəraybəyli dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlara Allahdan rəhmət, xəsarət alanlara isə şəfa diləyib.

Universitetin rəhbəri qeyd edib ki, Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu il də regionda lider mövqeyini qoruyub və dünya arenasında böyük uğurlara imza atıb. Aprılan məqsədyönlü siyasət nəticəsində ölkəmiz siyasi nailiyyətlərlə yanaşı, iqtisadi və sosial sahələrdə də inkişafını davam etdirib: “Bu ilin noyabrında keçirilən COP29 tədbirinin yekunları Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Bundan əlavə, Azərbaycan genişmiqyaslı tədbirlərin keçirilməsində yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini ortaya qoydu. COP29-un iştirakçı tərəflərinin yekdilliklə və rəsmi şəkildə Azərbaycana təşəkkür etməsi bunun bariz göstəricisidir”.

Professor G.Gəraybəyli COP29 tədbirlərində universitetin akademik heyət üzvləri, həkim və tələbələrinin də iştirak etdiyini və onların ATU-nu layiqincə təmsil etdiklərindən qürur duyduğunu bildirib. O bütün ATU kollektivini və xalqımızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib. Görüşün sonunda COP29 beynəlxalq tədbirində ATU əməkdaşlarının uğurlu fəaliyyətinə görə ölkə başçısının imzaladığı təşəkkürnamələr təqdim olunub. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirakına görə ümumilikdə ATU-nun 2 dekan müavini, 11 müəllimi və 3 tələbəsi mükafatlandırılıb.