Dekabrın 21-də ali məktəb tələbələri arasında “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş voleybol (qızlar) yarışı keçirilib. ATU-nun “Təbib” idman klubu və Bakı şəhəri Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnir tələbələrdə yarış təcrübəsi və idman ustalığını inkişaf etdirmək, həmçinin voleybol idman növünün gənclər arasında təbliği və ölkə üzrə kütləviliyini artırmaq məqsədi daşıyıb. Hər komandanın tərkibi 9 nəfər olmaqla 5 komandanın yarışdığı turnirdə ATU iki komanda ilə çıxış edib. ATU-1 komandası I, ATU-2 komandası III yerə çıxıb. Qərbi Kaspi Universitetinin komandası II, ADA komandası IV, UNEC komandası isə V yeri tutub. Bu gün Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində qaliblərin mükafatlandırılması mərasimi baş tutub. Tədbirdə Bakı şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Sirac Axundov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nəsimi rayonu üzrə gənclər və idman sektorunun müdiri Yusif Babanlı, məşqçi-müəllimlər və tələbələr iştirak ediblər. Tədbiri ATU-nun “Təbib” İdman Klubunun sədri Qələndər Aslanov açaraq idmançı tələbələrimizin uğurlarından, gələcək hədəflərindən danışıb. Nəsimi rayon Gənclər və idman sektorunun müdiri Yusif Babanlı tədbirdə çıxış edərək ölkəmizdə idmana xüsusi diqqət ayrıldığını vurğulayıb. Möhtərəm prezidentimiz İlham Əliyevin öz ad gününü idmançılarımızla birgə qeyd etməsini bu diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirən sektor müdiri, ATU-da idman yarışları üçün hər cür şəraitin yaradılmasından da məmnunluqla söz açıb. Bakı şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Sirac Axundov da qalibləri təbrik edərək onlara uğurlar arzulayıb. Tədbirin sonunda qalib komandalar və komandaların üzvləri mükafatlandırılıb. Eyni zamanda 2023-2024-cü tədris ilində ATU-nun “Təbib” Tədris İdman Mərkəzində keçirilən mədəni-kütləvi və idman tədbirlərinin keçirilməsində fəal iştiraklarına görə məşqçi-müəllimlərə Gənclər və İdman Nazirliyinin xüsusi təşəkkürnamələri təqdim olunub.