Azərbaycan Tibb Universitetinin Elmi tədqiqatların idarə olunması departamenti Əczaçılıq fakültəsinin professor-müəllim heyəti, doktorant və magistrantları üçün seminar təşkil edib.
Seminarda ATU-nun Əczaçılıq fakültəsinin məzunu, hazırda Fransanın Eks-Marsel Universitetinin müəllimi olan əczaçılıq üzrə fəlsəfə doktoru Elnur Eldar oğlu Qarayev “Yeni bioloji fəal maddələrin axtarışında molekulyar şəbəkənin tətbiqi” mövzusunda məruzə oxuyub. E.Qarayev çıxışında bioloji fəallığa malik molekulların axtarışında son illərdə yaradılmış “Molekulyar şəbəkə” (Molecular networking) üsulunun əhəmiyyəti barədə geniş məlumat verib. Qeyd olunub ki, yeni olmasına baxmayaraq, 2020-ci ildən bu günə kimi üsulun tətbiqi ilə əlaqədar 1000-dən artıq məqalə yüksək kvartilli jurnallarda nəşr edilib. “Molekulyar şəbəkə” üsulunun tətbiqi nəticəsində 5 dərman maddəsi yaradılıb və hazırda klinik sınaqlarda yoxlanış mərhələsindədir.
Məruzədən sonra E.Qarayev dinləyiciləri maraqlandıran sualları izahlı şəkildə cavablandırıb.