Elmi məqalələrin xülasəsi necə hazırlanmalıdır?

Bu mövzuda keçirilən seminar doktorantların marağına səbəb olub

 Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında universitetin doktorantları üçün “Elmi məqalələrin xülasəsinin hazırlanması qaydası” adlı seminar keçirilib. Seminarı ATU-nun Elmi Tədqiqatların İdarə Olunması Departamentinin rəhbəri, professor Eldar Qarayev açıb.

Professor, onun rəhbərlik etdiyi Departamentin hər ay bir neçə tədbir keçirdiyini xatırladaraq, universitet əməkdaşlarının, o cümlədən elmi-tədqiqat işləri ilə məşğul olan gənc əməkdaşların bu cür tədbirlərdə, seminarlarda iştirak etməsinin vacibliyini vurğulayıb: “Burada onlar üçün faydalı məlumatlar verilir. Əvvəlki tədbirlərimizdə iştirak edənlər qrantların alınması, xaricə səfərlərin xarici proqramlar vasitəsilə ödənilməsi, plagiata yol verilməmə yolları və s. barədə məlumatlandırılıb. İndi isə elmi məqalələrin xülasəsinin hazırlanması qaydaları barədə danışacağıq.

Bildiyiniz kimi, Ali Attestasiya Komissiyası tərəfindən tələblər getdikcə daha da artırılır və sərtləşdirilir. Ona görə də məruzəyə diqqətlə qulaq asın, sizin üçün çox faydalı olacaq”.

Məruzəçi, ATU-nun Müalicə işi fakültəsinin və Azərbaycan İdman Akademiyası – İdman tibbi və reabilitasiya magistr proqramının məzunu, University College London (UCL) Tibb fakültəsinin II kurs doktorantı Zərifə Kamilova əvvəlcə tədbir iştirakçılarını özü və təhsil aldığı universitet barədə məlumatlandırıb. UCL-in təcrübəsini universitetimizin doktorantları ilə bölüşən Z.Kamilova elmi məqalələrin xülasəsinin hazırlanmasında istifadə olunan standartlaşdırılmış yanaşma və beynəlxalq alətlərlə bağlı ətraflı çıxış edib. Bildirib ki, məqalələrdə standartlaşdırılmış yanaşma və beynəlxalq alətlərdən istifadə edilərsə, onları yüksək impakt faktorlu elmi jurnallarda dərc etmək daha asan olur.

Z.Kamilovanın məruzəsi doktorantların marağına səbəb olub, onların verdiyi suallar natiq tərəfindən ətraflı şəkildə cavablandırılıb.