Azərbaycan Tibb Universitetinin (ATU) Əsaslı Kitabxanasında Tamfira Əliyevanın “Tireoidologiya” adlı dərs vəsaiti ilə bağlı mərasim keçirilib
Kitab müəllif T.Əliyevanın atası, görkəmli alim, Azərbaycan endokrinologiyasının banisi, Respublika Dövlət Mükafatı laureatı, əməkdar elmi xadimi, professor Tamerlan Əziz oğlu Əliyevə həsr edilib. ATU-nun II Daxili xəstəliklər kafedrasının professoru Tamfira Əliyeva bildirib ki, endokrinologiyanın aktual problemlərinə həsr edilmiş tədris vəsaitində qalxanabənzər vəzin disfunksiyasının və düyünlərinin müalicəsi üçün ən son tövsiyələr təqdim olunub. Kitabın müəllifi T.Əliyeva professor Tamerlan Əliyevin elmi fəaliyyəti, endokrinologiya sahəsinin tədqiqi sahəsində böyük uğurları barədə də məlumat verib. Qeyd edib ki, professor Tamerlan Əliyevin “Klinik-diaqnostik laborator tədqiqat üsulları”, “Şəkərli diabet haqında ətraflı məlumat”, “Endokrinologiya”, “Prediabet” və digər əsərləri indi də öz aktuallığını saxlayır, həkimlər və tələbələr tərəfindən geniş istifadə olunur.
Qeyd edək ki, ATU-nun Əsaslı Kitabxanasına bağışlanan bu vəsait tələbələr, rezidentlər, müəllimlər, elmi tədqiqatçılar, qalxanabənzər vəzin təbabəti sahəsi ilə maraqlanan istənilən ixtisasın praktik həkimləri üçün nəzərdə tutulub. Həmçinin, endokrinoloqlar, terapevtlər, ümumi praktiki tibb mütəxəssisləri də kitabdan yararlana bilərlər.