Tibbi mikrobiologiya və immunologiya kafedrasında rezidentlərin növbəti seminarı keçirilib
Yanvarın 16-da ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasında rezidentlərin növbəti seminarı keçirilib.
Seminarı giriş sözü ilə açan Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri, professor Həqiqət Qədirova hər həftə rezidentlərin seminarlarının ənənəvi olaraq təşkil edildiyini və hər dəfə həkim-rezidentlərin kafedranın mövzu planına uyğun olaraq onlara təyin olunmuş müxtəlif aktual mövzularda təqdimatlar etdiklərini, öz şəxsi təcrübələrinin nəticələrinə dair məlumatları bölüşdüklərini qeyd edib. O, həmişəki kimi hazırki seminarın da çox aktual bir mövzuya həsr edildiyini, son dövrlər müxtəlif mikrorqanizmlərin (bakteriya, spiroxet, göbələk, virus və s.) sidik-cinsiyyət sistemində çoxsaylı xəstəliklər törətdiyini və bu xəstəliklərin mikrobioloji diaqnostikasında müasir müayinə metodlarının istifadəsinin önəmini vurğulayıb.
Tədbirdə iştirak edən rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov da öz növbəsində bu seminarların nəinki klinik-laborator mütəxəssislərin, eləcə də klinisistlərin də marağına səbəb olduğunu, onların vaxtaşırı bir araya gələrək tibbin əsas problemlərini müzakirə etmələrini müsbət hal kimi qiymətləndirib. O, bu günün rezidentlərinin gələcəkdə tədqiqatçı kimi formalaşmalarında, sərbəst müayinələr aparmaq, onların nəticələrini təhlil etmək və auditoriya qarşısında təqdim etmək bacarıqlarına yiyələnmələrində seminarların əhəmiyyətli rol oynadığını vurğulayıb. Tibbi mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi və rezidentlərlə iş üzrə kurator, t.ü.f.d. Yavər Hacısoy seminarın mövzusu və məruzəçisi haqda məlumat verib. O, məruzəçini təqdim edərək bildirib ki, kafedranın II kurs rezidenti Səbinə Əzimova “Sidik cinsiyyət sistemi nümunələrində törədicilər”, mövzunda çıxış edəcək və elmi rəhbərin isə kafedranın professoru Emma Ağayevadır. Sonra söz məruzəçiyə verilib. Sidik-cinsiyyət sistemində xəstəlik törədən mikroorqanizmlər, onların törətdikləri xəstəliklər və hazırda bu xəstəliklərin diaqnostikasında müasir yanaşmalar haqqında ətraflı məlumat verən S. Əzimova Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu mövzuda son statistikasını nəzərə çatdırıb, və eləcə də respublikamızda bu problemin rastgəlmə tezliyi haqqında əhatəli məlumat verib. O, öz çıxışında şəxsi tədqiqatlarının nəticələrini də iştirakçılarla bölüşərək, TCK-nın Klinik diaqnostik laboratoriyasında rastgəlinən sidik-cinsiyyət yolları törədicilərinin statistikasını nəzərə çatdırıb və ona verilən sualları cavablandırıb. Sonda mövzu ətrafinda mütəxəssislərin və həkim-rezidentlərin iştirakı ilə geniş
müzakirə və fikir mübadiləsi aparılıb. Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri, professor Həqiqət Qədirova, professor Gülər Seyidova, dosent t.ü.f.d. Vidadi Nərimanov, dosent t.ü.f.d. Ramin Bayramlı məruzə ətrafında çıxış edərək, rezident Səbinə Əzimovaya gələcək məruzələrinin daha da mükəmməl olması üçün tövsiyələrini verib və ümumilikdə məruzəni müsbət qiymətləndiriblər.
Seminarda kafedranın professor- müəllim heyəti, həmçinin I və II kurs rezident və magistrantları, eləcə də TCK-nın Klinik diaqnostik laboratoriya şöbəsinin müdiri Leyla Həşimova, ATU-nun Yoluxucu xəstəliklər kafedrasının və TCK-nın rezidentləri də iştirak ediblər.