ATU-da Türkiyənin Koru Xəstəxanasının nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) Türkiyənin Koru Xəstəxanasının nümayəndə heyəti ilə görüş keçirilib

Görüş ATU-nun Tədris Cərrahiyyə Klinikasında baş tutub.

Tanışlıq xarakterli görüşdə tərəflər arasında əməkdaşlıq perspektivləri, mübadilə proqramlarının tətbiqi, birgə layihələrin icrasının mümkünlüyü və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev universitetin tarixi, mövcud tədris proqramları, nəzdində olan klinikaların fəaliyyət istiqaməti haqqında qonaqlara məlumat verib. ATU-nun ölkəmizdə ilk dəfə olaraq üç ixtisasını beynəlxalq akkreditasiyadan keçirdiyi də qeyd edilib. Hazırda ATU-da dünyanın 50 ölkəsindən 3 min yaxın tələbəsinin olduğunu bildirən O.İsayev bu göstəriciyə görə Tibb Universitetinin Azərbaycanda lider mövqeni tutduğunu vurğulayıb. O, təhsil keyfiyyətinin artırılması və universitetlər arasında əlaqələrin gücləndirilməsi məqsədilə ATU-nun beynəlxalq münasibətlərinin daim genişləndirilməsi istiqamətində iş aparıldığını bildirib.

Mərkəzi Ankarada yerləşən Koru Xəstəxanalarının Qadın xəstəlikləri və doğum bölməsinin rəhbəri professor Aydan Biri təmsil etdiyi qurumun yaradılma tarixi və əldə olunan nailiyyətlər haqqında danışıb. Beyin və sinir cərrahiyyəsi uzmanı, professor Gülşah Badəmçi bu xəstəxananın tibbi xidmətlər göstərməsi ilə yanaşı, həm də akademik tədrisdə maraqlı olduğunu bildirib. Qeyd olunub ki, Koru Xəstəxanaları beynəlxalq standartlara uyğun akademik akkreditasiyadan keçib. Beynəlxalq departamentləri də fəaliyyət göstərən xəstəxanalarda hər il 230 min müayinə, 1000-dən çox əməliyyat aparılır.

Görüşdə ATU-nun Elmi işlər üzrə prorektoru Məlahət Sultanova, Universitet nəzdindəki klinikaların director və baş həkimləri iştkirak ediblər. Görüşdə iki elm ocağı arasında tələbə və həkimlərin mübadiləsi, birgə cərrahiyyə əməliyyatlarının icrası ilə bağlı müzakirələr aparılıb.