Yoluxucu xəstəliklər kafedrasında seminar keçirilib

   Rezidentura və mağistratura şöbəsinin təşkilatçılığı ilə Yoluxucu xəstəliklər kafedrasında “İnfektalogiyanın aktual problemləri” mövzusunda rezidentlər üçün növbəti seminar keçirilib

Tibbi mikrobiologiya və immunologiya kafedrasının, Tədris Cərrahiyə və Tədris Terapevtik klinikalarının rezidentlərinin qatıldığı seminarı şöbənin müdir müavini, assistent Namiq Xəlilov açaraq, rezidentlərin yüksək ixtisaslı kadrlar kimi hazırlanması istiqamətində atılan addımlardan danışıb. O, son illər dünyada yoluxucu xəstəliklərin geniş yayılaraq qlobal problemlər yaratması baxımından, adı çəkilən mövzuya həsr olunmuş seminarın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Rezidentlərdən Nərminə Qurbanova “İnfeksion xəstəliklərin laborator müayinə üsulları”, Mətanət Məmmədova “Xroniki aktiv B virus hepatiti”, Pərvanə Novruzova “Koksaki virus infeksiyası”, Röyalə Zamanzadə “Bruselloz mənşəli spondilodiskit” və Ömərli Nəzrin “Bakterial meningit” mövzusunda maraqlı məruzələrlə çıxış edərək rotasiya keçdikləri bazalarda bu xəstələr üzərində apardıqları müşahidələrinin nəticələri haqqında ətraflı məlumat veriblər.

Seminarın gedişində rezidentlər müalicədən əvvəl və sonra laborator müayinə nəticələrini və müşahidə etdikləri xəstələrə aid şəkilləri seminar iştirakçılarına göstəriblər.

Çıxışlar ətrafında geniş müzakirələr aparılıb. Kafedra müdiri, dosent Cəlal İsayev müasir dövrdə yayılan yoluxucu xəstəliklərin aktuallığı, müasir diaqnoz, müalicə və profilaktika prinsipisləri barədə tövsiyə xarakterli fikirlərini diqqətə çatdırıb.

Kafedranın dosentləri Reyhan Bəylərova, Ələsgər Vəliyev, Elza Orucova, Mirzamin Muxtarov, Gülnarə İbrahimova, Sulduz Əhmədova, Vüqar Cavadzadə və assistent Məlahət Bağırova müzakirələr zamanı diqqəti daha çox yoluxucu xəstəliklərin müalicə protokollarına yönəldiblər və bu haqda rezidentlərə öz məsləhətlərini veriblər.

Xatırladaq ki, hal-hazırda Yoluxucu xəstəliklər kafedrasında 52 rezident təhsil alır.