Almaniyada çalışan həkimin mühazirəsi böyük maraqla qarşılanıb

ATU-nun Stomatoloji Klinikası və Rezidentura və magistratura şöbəsinin birgə təşkilatçılığı ilə rezidentlər üçün “Endodontiyada müasir protokollar” mövzusunda növbəti seminar keçirilib

Tədbir iştirakçılarını salamlayan şöbə müdirinin müavini, assistent Namiq Xəlilov qeyd edib ki, klinikanın nəzdində fəaliyyət göstərən Ortopedik, Terapevtik, Uşaq stomatologiyası və Ortodontiya kafedraları xəstələrə yüksək səviyyəli xidmət göstərməklə yanaşı, həm də universitetdə yüksək ixtisaslı kadrların hazırlanması işini həyata keçirir. O, günümüzdə ixtisaslı stomatoloji xidmətin vacibliyini və əhalinin sağlamlığında xüsusi rolunu qeyd etməklə, seminarın işinə uğurlar arzulayıb.

Terapevtik stomatologiya kafedrasının müdiri, dosent Vaqif Həsənov bütün stomatoloji ixtisaslardan olan rezidentlərin seminarda iştirak etməsindən məmnunluq duyduğunu, bu yaxınlarda keçirilmiş ilk seminara böyük maraq göstərilməsinin nəticəsi olaraq 2-ci seminarın təşkilinə zərurət yarandığını vurğulayıb. V.Həsənov seminara moderatorluq edən mütəxəssis haqda da məlumat verərək bildirib ki, ATU-nun yetirməsi olan dr. Məhəmməd Məmmədli daha sonra Almaniyanın Ludwiq Maximilian München Universitetində rezidentura təhsili alıb: “O, endodontiya ixtisası üzrə Almaniyada təhsil almış ilk və hələlik yeganə uzman doktordur. 12 il Avropada məşhur “Dental Team Dr. Hajto” klinikasının Endodontiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Hal-hazırda Almaniya vətəndaşı olsa da, Azərbaycanda da paralel fəaliyyəti var və bizim təhsilə də öz töhfəsini verməkdədir. Dr. M.Məmmədli endodontiyada ən son protokolların mühazirəçisi və praktik tətbiqçisidir. Onun bizim Universitetdə sayca 2-ci seminarının da böyük marağa səbəb olacağına inanıram”.

Bundan sonra dr. M.Məmmədli “Endodontiyada müasir protokollar” mövzusu üzrə seminarın materiallarını ardıcıllıqla təqdim edib. 4 saata yaxın davam edən tədbir geniş diskussiya şəraitində keçib.

Stomatoloji klinikada bütün rezidentura ixtisasları üzrə ənənəvi seminarların gələcəkdə də davam etdirilməsi planlaşdırılır.