Azərbaycan Tibb Universitetinin (ATU) 4 tələbəsi yaz semestrində Türkiyəyə praktika keçəcəklər. Onlardan ikisi Tibb bacısı ixtisası üzrə təhsil alan tələbələr, ikisi isə tibb ixtisası üzrə Orhun mübadilə proqramı çərçivəsində yaz semestrini Türkiyənin Ege universitetində keçirəcəklər.
Səfərdən öncə tələbələr və onların valideynləri ilə görüşən ATU-nun rektoru, professor Gəray Gəraybəyli mübadilə proqramlarının önəmindən danışıb: “Bu cür proqramlar tələbələrin biliklərinin artırılmasına, əlaqələrin genişləndirilməsinə şərait yaradır. Dünyanın inkişaf etmiş ölkələrində tibb bacısı ixtisasına böyük əhəmiyyət verilir. Universitetimizdə də bir neçə il öncə ictimai səhiyyə fakültəsinin tərkibində Tibb bacısı ixtisası yaradılıb. Artıq bu ixtisas üzrə magistratura master proqramı da hazırlanıb". Rektor G.Gəraybəyli mübadilə proqramının Türkiyəyə gedən tələbələr üçün faydalı olacağından əminliyini bildirib.
Görüşdə iştirak edən valideynlər tələbələr üçün yaradılan bu imkana görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Görüşdə ATU-nun prorektorları, dekanlar və struktur bölmə rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, Orhun mübadilə proqramı Türk Universitetləri Birliyinə üzv olan təhsil müəssisələri arasında həyata keçirilir. ATU bu təşkilatın qurucularından biri və üzvüdür.