“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”na layiq görülən tələbələrlə görüş keçirilib

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli 2024/2025-ci tədris ilində Tibb ixtisası üzrə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nı qazanmış əcnəbi tələbələrlə görüş keçirib.

Rektor bakalavriat pilləsində təhsil alacaq tələbələri bu böyük nailiyyət münasibətilə təbrik edib və proqramın təqdim etdiyi imkanlardan danışıb. Görüş zamanı qeyd edilib ki, ATU-da 50 ölkədən 3 minə yaxın xarici tələbə təhsil alır, universitetimiz bu göstəriciyə görə ölkədə birinci yerdədir. ATU-da tədrisin müasir dünya standartlarına uyğun aparılması və beynəlxalq əlaqələrin genişləndirməsi istiqamətində böyük işlər görüldüyünü deyən professor G.Gəraybəyli, Azərbaycanda tibb təhsili sistemi və onun pillələri haqqında söhbət açıb.

Rektor xarici tələbələrə təhsillərində müvəffəqiyyət arzu edib, onları Bakının və Azərbaycanın zəngin tarixi, mədəniyyəti ilə yaxından tanış olmağa çağırıb.

Öz növbəsində, tələbələr Azərbaycan dövlətinə və ATU-ya bu proqramdan bəhrələnmək imkanına görə dərin minnətdarlığını bildiriblər. Onlar gələcəkdə savadlı həkim olmaq və insanların sağlamlığının keşiyində durmaq niyyətlərini ifadə ediblər.